04 dekabr 2024 00:57
160

Niyə tarixi Azərbaycan torpaqları olan Ermənistan ərazilərində azərbaycanlılar yoxdur?

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Avrasiya Araşdırmaları Mərkəzi ilə birlikdə bu adda ingilis dilində hesabat hazırlayıb

Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə, müsəlmanların deportasiyası üç mərhələdə aparılıb: Birinci mərhələ 1905–1920-ci illər, ikinci mərhələ 1948–1953-ci illər, üçüncü mərhələ  isə 1988–1992-ci illər.

Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq qəbristanlıq dağıdıb. Ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib.

Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası əsasən 1948–1953-cü illərdə SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin göstərişi ilə həyata keçirilmişdir. Əgər krım tatarlarını çeçenləri və digər xalqları almanlarla əməkdaşlığa görə cəzalandırıb köçürmüşdülərsə, azərbaycanlıların köçürülməsinə yeganə səbəb onların azərbaycanlı olması idi.

Azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasiyasına obyektiv hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Ulu Öndərin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən, tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı böyük elmi-siyasi, tarixi əhəmiyyətə malik sənəddir. Burada haqlı olaraq qeyd edilir ki, keçmiş SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli və 1948-ci il 10 mart tarixli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olub. Təkcə bu cinayət aktlarının həyata keçirilməsi nəticəsində 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan ərazisindən kütləvi şəkildə və zorakılıqla sürgün edilib.

2020-ci ildə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, diplomatik gücü və hərbi sərkərdəlik bacarığı nəticəsində 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə tariximizə ən böyük qəhrəmanlıq salnaməsi kimi həkk olundu. Azərbaycan dövlətinin və xalqının qüdrətini, sarsılmaz iradəsini, ordumuzun gücünü beynəlxalq səviyyədə nümayiş etdirən möhtəşəm Qələbə yeni reallıqlar yaratdı. Otuz ilə yaxın Ermənistanın işğalı altında qalan Qarabağ və Şərqi Zəngəzur azad olundu. Nəticədə müasir müstəqil Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Bundan sonra xalqımızın yeganə problemi öz əzəli və əbədi torpaqları olan Qərbi Azərbaycanın həqiqi sahiblərinin ata-baba yurdlarına geri qaytarılması, onların hüquqlarının bərpasıdır. Bu məsələ növbəti tarix, dövr üçün ən mühüm taleyüklü bir məsələ olaraq artıq ölkəmizin gündəliyinə daxil edilib. 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Prezident İlham Əliyev tarixi Qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən birinin məhz Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsi olduğunu vurğulayaraq deyib: “Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar”.

Xatırladaq ki, ötən il yanvarın 26-da Qərbi Azərbaycan İcması tərəfindən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmalarının təmin olunması barədə Qayıdış Konsepsiyası qəbul edildi. Bu Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. Sevindirici haldır ki, Prezident İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük yol qət edilib, Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq müstəviyə çıxarılıb. Dövlətimizin başçısı Qərbi Azərbaycanın soydaşlarımızın tarixi torpağı olduğunu nüfuzlu beynəlxalq kürsülərdən dəfələrlə bəyan edib və edir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Avrasiya Araşdırmaları Mərkəzi (AVİM) ilə birlikdə "Niyə Ermənistanın müasir ərazilərində azərbaycanlılar yoxdur?" sərlövhəli ingilis dilində hesabat hazırlayıb.

Hesabatın "Tarixə baxış" bölməsində bugünkü Ermənistan Respublikasının ərazisinin demoqrafik mənzərəsi hərtərəfli təhlil edilərək onun etnik tərkibinin erməni əhalinin xeyrinə süni olaraq dəyişdirilməsi ilə bağlı məlumatlar qeyd edilib. Sənəddə yerli əhalinin əksəriyyətini təşkil edən azərbaycanlıların sayının zaman-zaman dəyişikliyə məruz qalması ilə bağlı statistik göstəricilər əksini tapıb.

Azərbaycanlıların doğma torpaqlarından sistematik köçürülməsi haqqında "Azərbaycanlılara qarşı hücumlar və hədə-qorxu" bölməsində ətraflı bəhs edilir: “Bu hədə-qorxu təcrid olunmuş bir fenomen deyildi, daha geniş, regionun demoqrafik tərkibinin dəyişdirilməsinə hesablanan planlaşdırılmış addım idi", - deyə hesabatda qeyd edilir.

"Azərbaycanlıların deportasiyası" bölməsində kütləvi deportasiyanın 4 mərhələsinin təfərrüatlarından bəhs edilir.

"Mədəni irsin silinməsi" bölməsində Azərbaycanın tarixi, mədəni və dini irsinin genişmiqyaslı məhvi prosesi barədə ətraflı məlumat təqdim edilir, dağıdılan abidə və məscidlər sadalanır.

Sonuncu bölmədə isə beynəlxalq konvensiyalardakı hüquqi çərçivələrə əsaslanaraq azərbaycanlıların öz evlərinə qayıtmasının onların ayrılmaz hüququ olması tezisi diqqətə çatdırılır.

Şəmsiyyə Əliqızı, “İki sahil”