30 noyabr 2024 20:49
327

“Yaşıl məktəb” layihəsinə yekun vurulub

Naxçıvanda ilk dəfə olaraq həyata keçirilən  “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Yaşıl məktəb” layihəsinə yekun vurulub. 

“İki sahil” xəbər verir ki, noyabrın  30-da Babək rayon Nehrəm Qəsəbə 2 nömrəli tam orta məktəbində Naxçıvan Muxtar Respublikası Təhsil, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl məktəb” layihəsinin yekun tədbiri keçirilib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfovun da iştirak etdiyi tədbirdə  ümumtəhsil məktəblərinin və  məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri musiqi,  rəqs nümunələri ilə çıxış ediblər. Tədbirdə dərnək üzvülərinin əl işlərindən ibarət  “Tullantıdan sənətə” adlı sərgisi də təşkil olunub. Sonda  tədbir iştirakçıları məktəbin ərazisinə müxtəlif meyvə  tingləri əkiblər.

Qeyd edək ki, bu gün “Yaşıl məktəb” layihəsi  çərçivəsində  muxtar respublikanın bütün ümumtəhsil müəssisələrinin ərazilərində   pedaqoji kollektivlərin, şagirdlərin, valideyinlərin, ictimaiyyət nümayəndələrinin   iştirakı ilə ağacəkmə aksiyaları keçirilib.

Məlumat üçün bildirək ki, cari ilin mart ayının əvvəllərindən start verilən  ”Yaşıl məktəb” layihəsi çərçivəsində muxtar  respublikanın ümumtəhsil müəssisələrinin ərazilərində reylefə uyğun 10 min  meyvə və dekorativ ağaclarının əkilməsi nəzərdə tutulmuşdur ki, yaz mövsümü ərzində 4 min,  payız mövsümü ərzində isə 6 min ting əkini aparılıb və layihə uğurla icra olunub.