29 noyabr 2024 22:43
218

Məkrli anti-Azərbaycan dairələrin satellitlərinin qürub çağı

Əli Kərimli-Cəmil Həsənli cütlüyünün siyasi demoqogiyası, ucuz populizmi, tafatalogiya və cəfəngiyytları, ölkəmizə qarşı ideoloji təxribat həmlələri haqlı olaraq ictimai ikrahla qarşılanır

Bir neçə gün bundan əvvəl uğurla başa çatan, Azərbaycanı beynəlxalq səviyyədə müzakirə platforması, bütün dünyaya liderlik modeli kimi tanıdan, iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilən, BMT tarixində ən möhtəşəm beynəlxalq tədbirlərdən biri kimi yaddaşlara yazılan, çox yüksək səviyyədə təşkil olunan COP29 mövzusu bədxahlarımıza və onların ölkəmizdəki antimilli satellitlərinə sanki “ikinci nəfəs” verib.

Danılmaz faktdır ki, qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfəri ilə ərazi bütövlüyünü, 2023-cü ildə birgünlük lokal antiterror tədbirləri ilə suverenliyini bərpa edən Azərbaycanın son illərdə qazandığı uğurlar, beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, qlobal təşəbbüslərin əsas iştirakçılarından birinə çevrilməsi Qərbdəki bədxahlarımızı, bəzi ölkələri, ermənipərəst qüvvələrin təsiri altında olan müəyyən beynəlxalq təşkilatları ciddi narahat edir, yuxularına haram qatır.

Ölkəmizin uğurlarından qıcıqlanan xarici mərkəzlər, erməni lobbisinə yaldaşlıq edən riyakar siyasətçilər Azərbaycanın beynəlxalq arenada imicini ləkələmək üçün respublikamıza qarşı siyasi-ideoloji müstəvidə apardıqları informasiya müharibəsini daha geniş spektrdə davam etdirirlər. Texnoloji inkişaf və süni intellekt platformalarından istifadə edərək Azərbaycanın əleyhinə sistemli informasiya terrorunu həyata keçirən məlum məkrli dairələr ölkəmizdəki radikal müxalifət təmsilərindən - “sapı özümüzdən olan baltalar”dan öz çirkin niyyətlərini həyata keçirmək üçün mütəşəkkil şəkildə istifadə edirlər.

Biz bütün bunlara Bakıda iqlim dəyişmələri konfransının davam etdiyi günlərdə bir daha şahidlik etdik. Erməni lobbisinin, Fransa kimi ölkələrin təşviqi ilə ölkəmizlə bağlı qərəzli, uydurma, reallıqdan çox-çox uzaq məlumatların məqsədyönlü şəkildə yayılmasına çalışan qərəzli dairələr iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi və bir sıra ekoloji problemlərin müzakirəsini və müvafiq qərarların qəbul edilməsini nəzərdə tutan COP29-u bütün vasitələrlə siyasiləşdirmək cəhdlərindən əl çəkmədilər. Həmin qüvvələr ermənipərəst mərkəzlərlə sıx işbirliyində olan, siyasi korrupsiyaya uğrayan xarici media orqanlarını və bəzi beynəlxalq qeyri-hökumət təşkilatlarını özlərinin olduqca bu çirkin işlərinə cəlb edərək, “demokratiya”, “insan haqları” “siyasi məhbus” məsələləri ilə manipulyasiya edərək ölkəmizlə bağlı dezinformasiya xarakterli məlumatlar, məqalələr tirajladılar. İkinci Qarabağ müharibəsindən sonra ölkəmizə qarşı davamlı və sistemli kampaniyalar aparan çirkin niyyətli həmin dairələr COP29-un davam etdiyi günlərdə, hətta ondan sonra da Azərbaycana qarşı ideoloji təxribat həmlələrini daha da gücləndiriblər.

Ən acınacaqlısı odur ki, həmin günlərdə başda Əli Kərimli-Cəmil Həsənli qaragüruhu olmaqla otuz ildən artıq müddətdə konstruktivlikdən, reallıqdan uzaq düşərək, şəxsi ambisiyaları naminə normal, sivil mübarizə metodlarına arxa çevirərək, inkarçılığı fanatizm səviyyəsinə çatdırdıqlarından tamamilə marginallaşaraq özlərini cəmiyyətdən təcrid edən ölkəmizdəki dağıdıcı, inkarçı müxalifət düşərgənin təmsilçiləri bu çirkin oyunlarda xüsusi fəallıq göstərərək, necə deyərlər, düşmən dəyirmanına artıqlaması ilə su tökdülər.

Ən əsası odur ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirməsini, iqlim dəyişiklikləri ilə mübarizədə qlobal liderlik nümayiş etdirməsini həzm edə bilməyən bəzi güc mərkəzlərinin bir barmaq işarəsi ilə oturub-duran, kompromisi və konsensusu, konstruktivliyi və quruculuğu rədd edən, alternativliyi ümumiyyətlə, qəbul etməyən, sosial şəbəkə seqmentlərində siyasi demoqogiya, ucuz populizmlə məşğul olan bu qaragüruhçuların boş cəfəngiyyatlarına cəmiyyətimiz nəinki əhəmiyyət vermir, hətta ikrah hissi ilə qarşılayır.

Real gerçəklik odur ki, anti-Azərbaycan dairələrin maliyyə dəstəyi ilə sosial şəbəkələrdə əsassız iddialarla dolu bəlağətli çıxışlarla hər addımda cəmiyyəti çaşdırmağa çalışan bu xəyanətkar zümrə təxribatçı addımları ilə ölkəmizdə süni gərginlik və narazılıq dalğası yaratmağa çalışsa da həmişə olduğu kimi, bu gün də cəmiyyətin sərt təpkisi ilə qarşılaşaraq rəzil, miskin vəziyyətə düşür.

Zahid Rza, “İki sahil”