29 noyabr 2024 22:16
190

Qaradağ rayonunda gənc fəallarla növbəti görüş

Noyabrın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında gənc fəallarla növbəti görüş keçirilib.

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev iştirakçıları salamlayaraq noyabrın 11-dən 23-dək Bakıda keçirilən COP29 tərəflər konfransının uğurla başa çatması münasibətilə onları təbrik edib. Ölkəmizin BMT-nin bu tədbirini yüksək səviyyədə təşkil etdiyini və burada müzakirə olunan qlobal problemlərin həlli üçün mühüm qəraraların qəbul edildiyini vurğulayıb. Həmin tədbirdə gənclərin fəal iştirakına toxunan YAP rayon təşkilatının sədri bu gün ölkəmizdə gənclərə bütün sahələrdə böyük etimad göstərildiyini və onların hərtərəfli inkişafı üçün geniş imkanların mövcud olduğunu deyib.

Cari ildə Azərbaycanda keçirilən prezident və parlament seçkilərini xatırladan Qafar Əliyev qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar da rayon təşkilatında aparılan hazırlıq işləri barədə ətraflı məlumat verib.

Tədbirdə digər çıxış edənlər prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanan cənab İlham Əliyevin qələbəsinin gələcəyə daha böyük inamla baxmağa əsas verdiyini, parlament seçkiləri kimi, bələdiyyə seçkilərinin də yüksək ruh yüksəkliyi, qanunun aliliyi və demokratik şəkildə keçiriləcəyinə əminliklərini ifadə ediblər.

Diskussiya şəraitində davam edən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb, onların təklif və ideyaları ətrafında fikir mübadiləsi aparılıb.

Zamin Məmmədov, "İki sahil"