29 noyabr 2024 00:56
92

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana layiq olduğu cəzanı verəcəkmi?

Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərimizdə bütün beynəlxalq konvensiyalaın tələblərini kobud şəkildə pozub. Bir neçə faktı xatırladaq. Daşnaklar  onilliklər ərzində soydaşlarımıza qarşı sistemli şəkildə etnik təmizləmə həyata keçirib. Onlar ekologiyamıza ziyan vurmaqla yanaşı,  Azərbaycan mədəni irsinin ayrılmaz hissəsi olan qədim Alban abidələrinin tarixini təmir-bərpa adı altında saxtalaşdırıb, 67 məsciddən 65-nin tamamilə, 2-ni qismən məhv edərək yararsız hala salıb,  200 qəbiristanlığı viranə qoyublar. Bir sözlə, tarixdə misli-bərabəri olmayan vəhşiliklər törədiblər. Amma bütün bunlara görə beynəlxalq qurumlar erməni barbarlarını heç bir məsuliyyətə cəlb etməyiblar.

Azərbaycanın bütün bunlara görə Ermənistanın məsuliyyətə cəlb etmək istiqamətində apardığı işlər artıq öz bəhrəsini verir. Belə ki, Haaqada yerləşən Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsi azərbaycanlılara qarşı törədilən kütləvi insan hüquqları pozuntuları ilə əlaqədar Azərbaycanın Ermənistana qarşı davam edən beynəlxalq hüquqi iddiaları üzrə qərar qəbul edib.  Bu isə o deməkdir ki, hayların işğalda saxladığı müddətdə ərazilərimizdə həyata keçirdiyi etnik təmizləmə və digər qeyri-qanuni əməllər bundan sonra sözügedən məhkəmə tərəfindən mahiyyəti üzrə ətraflı şəkildə araşdırılacaq. Məhkəmə, həmçinin Ermənistanın minaya düşənlər və partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı iddiaları məhkəmənin yurisdiksiyasından kənarlaşdırmaq cəhdini rədd edib. Yəni, tərəfimizdən ortaya qoyulan faktlar və sübutlar o qədər səhihdir ki, Ermənistan tərəfinin onları təkzib etməyə gücü çatmır.

Hətta həmin sənədlər arasında hayların 30 ilə yaxın dövr ərzində işğal olunmuş ərzilərdə törətdikləri əməllərlə bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarında cild-cild cinayət işləri də var. Xarici işlər nazirinin müavini Elnur Məmmədov "X" səhifəsində yazıb ki, Azərbaycan əmindir ki, Məhkəmənin tədqiq etdiyi sübutlar beynəlxalq hüququn heç bir pozuntusuna yol verilmədiyini göstərəcək.

Amma rəsmi İrəvan bu kimi məsələlərdən yaxa qurtarmaq məqsdəilə dəridən-qabıqan çıxır və bu işdə onlara havadarları da kömək edirlər. Unutmayaq ki, Beynəlxalq Ədalət Məhkəməsi də əslində Qərbin bir təsisatıdır. Bu da sirr deyil ki, Beynəlxalq Ədalət Məhkəməsinin hakimləri bəzən qeyri-düzgün, ədalətsiz qərarlar qəbul edirlər. Yəni, onların  bəziləri erməni lobbisinə bağlıdırlar.

Şübhəsiz, ermənipərəstlərin havadarlığı olmasa, qaldırılan məsələlərə ikili standartlardan yanaşılmasa Azərbaycan Ermənistanın vəhşiliyini bir daha dünyaya nümayiş etdirə biləcək. Yeri gəlmişkən, bildirək ki,  məhkəmə Ermənistanın əks arqumentinin təqdim edilməsi üçün son tarix kimi 2025-ci il 12 noyabr tarixini təyin edib və növbəti qərar üçün sonrakı proseduru özündə saxladığını açıqlayıb.

Onu da bildirək ki,  Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddia qaldırdığı yeganə hüquqi platforma deyil. Belə ki, ölkəmiz digər beynəlxalq hüquqi forumlarda Ermənistanın işğal illərində  ətraf mühitin və enerji infrastrukturunun dağıdılması da daxil olmaqla, bir sıra digər sahələrdə beynəlxalq hüququ pozmasına dair kompensasiya və maliyyə təzminatının qarşılanması istiqamətində fəaliyyət göstərir.  Bu isə o deməkdir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin onilliklər boyu işğalı və əlaqədar münaqişələr zamanı beynəlxalq insan hüquqlarının çoxsaylı pozuntularına görə Ermənistanın məsuliyyətə cəlb edilməsi artıq  daha genişmiqyaslı  xarakter alıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”