28 noyabr 2024 23:10
112

Ələkçinin qıl verənləri...

Ermənistan hələ də anlamaq istəmir ki, növbəti dəfə çirkin və təhlükəli oyuna sürüklənir...

Bəzi Avropa təsisatları, o cümlədən, Avropa Parlamenti, Avropa İttifaqı, xüsusilə də Fransa, Niderland, Almaniya və digər ölkələr Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmaması üçün əllərindən gələni edirlər. Təəssüf ki, müstəqil dövlət olduğunu unudan Ermənistan tərəfi də məhz bu güclərin diktəsi ilə oturub-durur.

ABŞ və Qərbi Avropa ölkələri (xüsusən Fransa, Almaniya) Azərbaycan əleyhinə atdıqları addımlarla açıq şəkildə nümayiş etdirirlər ki, Cənubi Qafqaza sabitliyin, əmin-amanlığın gəlməsində maraqlı deyillər. Onlar regionda  sülhü bərpa etmək əvəzinə  müharibəni daha da alovlandırıb yeni savaşlar çıxarmaq istəyirlər. Ukraynanı sonu görünməyən bataqlığa qərq edən Qərb, eyni siyasəti Azərbaycan və  Ermənistan arasında da aparır. Onlar bu xalqlar arasında düşmənçılıyin sonsuzadək davam etməsində maraqlıdırlar. Əgər bunun əksi olsaydı, otuz il torpaqlarımızın işğalda qalmasına, bir milyona yaxın qaçqın, köçkün probleminə, ərazimizdə separatizmin mövcudluğuna göz yummazdılar. Azərbaycan torpaqları işğal altında olduğu illərdə də beynəlxalq vasitəçilər rəsmi İrəvanın törətdiyi əməllərə görə sanksiyalar tətbiq etməyiblər. Əksinə, müxtəlif məqsədlər adı altında işğalçıya maliyyə yardımları ediblər. 44 günlük müharibədən sonra məlum oldu ki, ermənilər həmin maliyyə yardımlarını işğal etdikləri Azərbaycan torpaqlarında hərbi istehkamlar tikməyə sərf ediblər.

Bu gün Qərb dövlətlərinin Ermənistanı sürətlə silahlandırmasının nəticəsidir ki, işğalçı konstruktiv mövqe ortaya qoymaqdan çəkinir.

Bu gün Ermənistanın havadarları etnik ermənilərin qayıdış hüququndan danışanda Qərbi Azərbaycandan olan soydaşlarımızın vəziyyətini gözardı etməyə çalışırlar. Amma Prezident İlham Əliyevin də söylədiyi kimi, qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi azərbaycanlılara da şamil edilməlidir.

Noyabrın 28-də Qərbi Azərbaycan İcması Yunanıstanın Ermənistanı silahlandırması ilə bağlı xəbərlərə münasibət bildirərək bəyanat yayıb: "Mətbuatda Yunanıstan tərəfindən Ermənistana müasir silah sistemlərinin verilməsi ilə bağlı xəbərlər yayılıb. Bütün bunlar regiondankənar aktorların Ermənistanı silahlandırmaq, Cənubi Qafqazı geosiyasi rəqabət meydanına çevirmək siyasətinin tərkib hissəsidir. Biz Qərbi azərbaycanlıları öz dədə-baba yurdlarımızdan didərgin salmış, 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamış, hələ də Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiasını davam etdirən təcavüzkar bir ölkənin silahlandırılması yolverilməzdir. Qərbi Azərbaycan İcması Yunanıstanı məsələlərə etnik və dini təəssübkeşlik prizmasından baxmamağa və regionda vəziyyəti gərginləşdirən təhlükəli addımlardan çəkinməyə çağırır".

Həmçinin Qərbi Azərbaycan İcması növbəti bəyanatında Polşanı Cənubi Qafqazda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırıb. Bəyanatda qeyd edilir: “Qərbi Azərbaycan İcması Polşa prezidentinin Azərbaycan-Ermənistan şərti sərhədinə səfər etməsi ilə bağlı dərin narahatlığını ifadə edir. Dəfələrlə vurğulamışıq ki, Avropa İttifaqının Ermənistandakı Missiyasının patrul etdiyi ərazilərin əksəri biz Qərbi azərbaycanlıların tarixən yaşadığı, dəfələrlə deportasiya edildiyi, dağıdılmış, viran edilmiş yurd yerləridir. Təəssüf ki, bununla bağlı Avropa İttifaqına etdiyimiz müraciətlər cavabsız qalmışdır.

“Ermənilərin dəqiq müəyyən edilmiş sərhədlər çərçivəsində öz torpaqlarında dinc şəraitdə yaşamasını istərdik” deyən Polşa prezidentinə xatırladırıq ki, Azərbaycan əraziləri işğal altında olarkən Polşanın Azərbaycana münasibətdə belə bəyanatlarının şahidi olmamışıq.

Polşa prezidentinin ölkəsinin “Azərbaycan və Ermənistan arasında münaqişənin tənzimlənməsinə daha çox cəlb oluna biləcəyi” ilə bağlı verdiyi açıqlamasına dair isə bildiririk ki, rəsmi Varşavanın özünün qonşuları ilə kifayət qədər problemləri var və Polşa öz problemlərinin həlli ilə məşğul olsaydı, daha məntiqli olardı.

Biz Polşanı Cənubi Qafqazda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırırıq. Ermənistan isə başa düşməlidir ki, “binokl diplomatiyası” kimi ucuz şoularla, Luis Okampo, Qreta Tunberq kimi avantüristlərə “yeni xilaskar” gözü ilə baxmaqla Cənubi Qafqazda sülhə nail olmaq mümkünsüzdür”.

Göründüyü kimi, “ələkçinin qıl verənləri çoxdur”. Ermənistan hələ də anlamaq istəmir ki, növbəti dəfə çirkin və təhlükəli oyuna sürüklənir...

Şəmsiyyə Əliqızı, “İki sahil”