Bu günlərdə Naxçıvan Dövlət Universitetinin “Qeyrət” nəşriyyatında çapdan çıxan “Təsviri sənət nəzəriyyəsi” adlı kitab sənətin ezazkarlığını, ilahiliyini və bütövlüyünü duymaq və anlamaq baxımından olduqca əhəmiyyətlidir. Ümumiyyətlə, incəsənət ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulan bu dərs vəsaiti universitetin Təsviri incəsənət kafedrasının müdiri, Xalq rəssamı, professor Hüseynqulu Əliyevin və həmin kafedranın baş müəllimi Ləman Məmmədovanın birgə zəhmətinin bəhrəsidir.
Əsasən 3 fəsildən ibarət olan kitabda təsviri və qeyri-təsviri sənət, əsas anlayışları, istiqamətləri, məqsəd və vəzifələri, tendensiyaları, inkişaf yolları, xüsusilə Azərbaycan təsviri sənəti haqqında geniş məlumat verilir. Təsviri sənət nəzəriyyəsinin əsas anlayışlarından, funksiyalarından, onun növlərindən, janrlarından, inkişaf mərhələlərindən, qeyri-təsviri sənət növlərindən ətraflı bəhs edən müəlliflər incəsənəti müasir dünyada mariflənmə, gözəllikləri duyma, gerçəkliyə varma və xalqların qarşılıqlı anlaşma vasitəsi kimi təqdim edirlər.
Pikassodan əsərlərinin hansı anlam ifadə etiyi soruşulanda rəssam quşların civiltisindən nəsə anlayırsanmı, xeyir, ancaq yenə də dinləyirsən şəklində cavab verir. Təbii ki, bəzən sənətdə önəmli olan sadəcə baxa bilməkdir. Bu mənada, bəzi insanlar incəsənəti başa düşür, bəziləri hiss edir, bəziləri isə həm başa düşür, həm də hiss edirlər. Ancaq bu və başqa şəkildə sənətə etinasız qalmaq olmur. Paul Kle deyir ki, sənət görünəni yansıtmaz, onu görünən edər. Kitabın birinci fəsildə təsviri sənət nəzəriyyəsinin əsas anlayışları haqda verilən məlumatlardan və ecazkar sənət nümunələrindən də görünür ki, təbiət incəsənəti onun əzəli yaratdıqlarının gözəlliklərindən vəcdə gəlmiş insanın iradəsi ilə yaradır.
İkinci fəsildə təsviri sənətin növləri–rəngkarlıq, miniatür boyakarlıq, heykəltaraşlıq, qrafika, foto-sənət, monumental incəsənət haqda məlumat verilir. Rəngkarlıq əsəri üzərində aparılan iş prosesində rəssamın malik olduğu keyfiyyətlər göstərilir, rəssamlığın növləri sadalanır, bu incəsənət sahəsinin malik olduğu janrların xarakterik xüsusiyyələri ortaya qoyulur. Kitabı oxuduqca adama aydın olur ki, sənətdə heç bir şey, adi bir hərəkət belə təsadüfi deyil. Və anlamaq olur ki, çiçəklərin rəsmini çəkdim ki, ölməsinlər deyən Frido Kahlo əslində nəyə işarə edir.
Üçüncü fəsil qeyri-təsviri sənət növlərini - memarlıq, dekorativ-tətbiqi sənət və dizaynı əhatə edir. Qeyd olunan sənət növləri ayrılıqda izah olunur, onlar haqqında geniş məlumat verilir. Daha əhəmiyyətli olan memarlıq üslubları, cərəyanlar dövrlər üzrə qruplaşdırılaraq oxucuya çatdırılır. Dekorativ- tətbiqi incəsənət əsərlərinin tələbləri, ayrı-ayrı sahələri, Naxçıvan memarlıq məktəbi və qədim Azərbaycan xalçaçılığı barədə məlumatlar da bu fəsildə yer alır.
Təbii ki, incəsənət bütövdür, onu Şərqə, Qərbə, konkret olaraq hansısa coğrafiyaya və ya xalqa aid etmək olmaz. Kitabda Azərbaycan və dünya incəsənətindən rəngli illüstrasiyalar halında verilmiş nümünələrdən də görmək olur ki, sənətin ruhu və dili birdir.
Sonda qeyd etmək yerinə düşər ki, sənət adamlarının sənətlə tanışlığı əslində daxili rastlantıdır. Vinsent Van Qoq deyirdi ki, əgər içinizdən bir səs rəsm çəkə bilməyəcəyinizi deyirsə, mütləq rəsm çəkin. O zaman səsin kəsildiyini görəcəksiniz. Əminliklə söyləmək olar ki, “Təsviri sənət nəzəriyyəsi” kitabı öz oxucularını sənətə, sənətlə bağlı arayışa ruhlandıracaq, nəyi necə etmək qədər, necə etməmək məsələsində də faydalı olacaqdır.
Səadət Əliyeva