İndi Cəlilabad rayonu, Göytəpə şəhərində böyük də, kiçik də şəhid Şəhriyar Əsgərovun adını böyük iftixarla çəkir. Çünki Şəhriyar az yaşasa da, layiqli bir övlad kimi Vətən qarşısında son borcunu ləyaqətlə verib. O, 44 günlük haqq savaşımızda Qarabağımızın azadlığı uğrunda qazanılan qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna dönüb.
Şəhid Şəhriyarın xatirəsini həmişə əziz tutmaq göytəpəlilərin ən müqəddəs borcudur. Bu günlər isə Vətən sevdalısının boya-başa çatdığı doğma eldə adına ucaldılan bulağın açılış mərasimi olub.
Mədəniyyət nümayəndələri, idarə-müəssisə rəhbərləri, rayon ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri iştirak etdikləri tədbirdə Vətən yolunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqə sükutla anılıb.
Tədbirdə çıxışı zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uğurlu siyasətindən, əsgərlərin, zabitlərin şücaətindən danışan Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Fuad Əzizov onu da vurğulayıb ki, şəhidlik ən böyük zirvədir. Minlərlə qeyrətli Vətən övladı kimi Şəhriyarın nəsibi də belə bir şərəf oldu. Xalq şəhidləri öz qəlbində yaşatmaqla onlar heç vaxt unudulmaz...
Zəfər şəhid Şəhriyar Əsgərovun ailə üzvləri öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə dövlətə, onun rəhbərinə həmişə minnətdar olduğunu bildiriblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü