21 noyabr 2024 17:12
93

25 Noyabr Kəlbəcər Şəhəri Günü şanlı tariximizin qürurverici səhifəsidir

Noyabrın 25-də  gülüstan Kəlbəcərimiz 27 illik erməni işğalından  azad edilərək öz azadlığına qovuşmuşdur. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməli idilər.  Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi. Baxmayaraq ki, erməni silahlı qüvvələri kəlbəcərliləri öz dədə-baba yurdundan zorla qovulmuşdu, vətəndaşlarımız, xüsusi ilə də qadın, uşaq və yaşlı insanlar işgəncəyə məruz qalmışdı, qətlə yetirilmiş, evlər talan olunmuşdu.

Lakin xalqımız  bütün bu ağrı -acılara rəğmən yenə də Qarabağı və Şərqi Zəngəzuru da qanunsuz məskunlaşmış ermənilərə,  ləyaqətlə davrandı, onlara vaxt verdi. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Buna baxmayaraq, Kəlbəcər həm də XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib. Ermənilər buranı tərk edərkən evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam, Laçın kimi, Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. Azərbaycan Ordusu olduqca çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcərə şəhid vermədən, bir güllə atmadan daxil oldu.Beləliklə, noyabrın 25-də 27 illik həsrətə son qoyuldu və Kəlbəcər azad edildi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu münasibətlə bütün Azərbaycan xalqını təbrik etdi.  Bu, BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin Azərbaycan dövləti tərəfindən icrasının təmin edilməsi deməkdir.

2021-ci il avqustun 16-da Prezident İlham Əliyev Kəlbəcər şəhərində Dövlət Bayrağını ucaltdı və çıxışında bu tarixi hadisənin əhəmiyyətindən bəhs edərək dedi: “Ermənilər 30 il ərzində bizim torpaqlarımızı ancaq istismar edirdi, təbii sərvətləri talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar - bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq”.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın 2021-ci ilin avqustun 16-da Kəlbəcər rayonuna səfəri zamanı Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində - Murovdağda inşa olunacaq tunelin təməli qoyulub. Səfər çərçivəsində 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı olub. Həmçinin Kəlbəcər-Laçın avtomobil yolu üzərində 3,4 kilometr uzunluğundakı tunelin tikintisinə start verilib.

2023-cü ilin iyunun 26-da Azərbaycan Prezidenti Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər şəhərinin Baş planı ilə tanış olub. Həmin gün Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, rayondakı su istehsalı zavodunun, İstisu sanatoriyasının təməli qoyulub.

Rayona səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Müzəffər Ali Baş Komandanımızbu  tədbirin xüsusi məna daşıdığını vurğulayaraq deyib: «Bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə - Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Ona görə bugünkü mərasim xüsusi məna daşıyır, rəmzi məna daşıyır”.

Kəlbəcər rayonunda tikintisi gedən mühüm infrastruktur obyektlərindən biri də “İstisu” sanatoriyasıdır. Təməlqoyma mərasimində Azərbaycan Prezidentinin də iştirak etdiyi İstisu qəsəbəsində yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılır.

Ölkəmizin başçısı 2023-cü ilin  mayın 27-də Kəlbəcər rayonuna səfəri çərçivəsində hərbi hospitalın, “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyalarının açılışlarında, yaşayış məhəlləsinin və 960 şagird yerlik məktəbin, həmçinin Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində iştirak edib. Keçən ilin  avqustun 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna daha bir səfər ediblər. Səfər çərçivəsində bir neçə kiçik su elektrik stansiyasının açılışı olub, Zar kəndinin təməli qoyulub.  Bu il isə Prezident Kəlbəcərə səfəri çərçivəsində «İstisu» mineral su zavodunun ilk məhsulunun buraxıdması mərasimində iştirak edib. 

Bəli, hazırda Kəlbəcərdə də böyk sürətlə tikinti- quruculuq işləri aparılır. Bu isə o deməkdir ki, vətən həsrətli kəlbəcərlilər tezliklə öz doğma torpaqlarına qayıdıaraq orada firavan yaşayacaqlar.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri