Yeni Azərbaycan Partiyasının təsis edilməsindən 32 il keçir. Ötən 31 illik çətin, lakin şərəfli yolda ölkəmizdə qazanılan nailiyyətlərin müəllifləri Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevdir. Uğurların əsas mənbəyi,təkanverici qüvvəsi isə məhz Heydər Əliyevin cəmiyyətimizin bütün sahələrini əhatə edən strategiyası, ideyalarıdır.
Azərbaycanın taleyini düşünən 91 ziyalı görkəmli siyasi xadim ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Çünki Heydər Əliyev dünya miqyasında tanınan şəxsiyyət idi. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Analitik düşüncəsi iti, siyasi təfəkkürü dərin, yeniliklərə açıq, möhkəm iradə sahibi idi. Çətin situasiyalarda düzgün addımlar atmağı, rasional qərarlar verməyi bacaran, güclü xarizmaya malik fenomen bir şəxsiyyət idi. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır.
Beləliklə, Azərbaycanın bütün regionlarından seşilmiş 550 nəfərdən ibarət nümayəndənin təmsil olunduğu partiyanın təsis konfransı 21 noyabr 1992-ci il tarixində Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda keçirildi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.
Ulu Öndər Heydər Əliyevə olan inam və etimad partiyaya olan inamı daha da gücləndirdi. Azərbaycanın bütün regionlarında vətəndaşlar Yeni Azərbaycan Partiyasının sıralarına qoşuldu, rayonlarda partiyanın yerli təşkilatları yaradıldı. Qısa müddət ərzində fəaliyyət göstərən partiyanın sıralarında artıq minlərlə üzvün olması təbii ki, o zamankı hakimiyyət dairələrini əsaslı olaraq narahat etməyə başladı. Lakin göstərilən təzyiglər və yaradılan hərtərəfli maneələr əksinə Yeni Azərbaycan Partiyasının olkənin aparıcı siyası partiyasına çevrilməsinə təkan oldu və bu yola qədəm qoyan insanları ali məqsədlərindən döndərə bilmədi. Heydər Əliyevin siyasi kimliyi ilə güclənən dövlətimiz Azərbaycanın parçalanması üçün hazırlanan ssenariləri pozdu. Azərbaycanda demokratik inkişaf prosesinin sürətli dövrü başladı. Ölkənin Avropa Şurasına üzvlüyü, bu qurum qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsi, siyasi partiyaların, mətbuatın inkişafı, qanunların Avropa standartlarına uyğunlaşdırılması Azərbaycanda demokratiyanın bərqərar olmasını sübuta yetirirdi. Heydər Əliyevin idarəçiliyi dövründə Azərbaycan sürətlə Avropaya inteqrasiya etdi, Azərbaycan regionun güçlü dövlətinə çevrildi. Böyük İpək yolunun açılması məsələsi istiqamətində addımlar atıldı. Bakı-Ceyhan neft kəmərinin çəkilməsi, digər strateji layihələrə imza qoymaq kimi məsələləri Heydər Əliyev Azərbaycanın siyasi müstəqilliyinin qorunmasında təsirli bir vasitə kimi gördü.
Ulu Öndər Heydər Əliyevin cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir;
5 mart 2021-ci il tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Hazırda YAP-ın 773 770 üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar.
Dövlətimiz Prezident, Ali Baş Komandan, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində tariximizin qızıl səhifəsini yaratmağı bacardı. 2023-cü ilin sentyabr ayında isə bütün ərazilərimiz boyunca suverenliyimizi etibarlı və dönməz şəkildə təmin etdik. Bu baxımdan, Yeni Azərbaycan Partiyası vaxtı ilə Azərbaycanı xilas etdiyi kimi, bundan sonrakı dövrlərdə də ölkəmizi inkişafın, tərəqqinin ən yüksək nöqtələrinə çatdıracaq.
Yeni Azərbaycan Partiyasının 32 illik tarixi, Azərbaycan dövlətinin müstəqillik tarixini əks etdirir. Yarandığı gündən partiyanın Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla həyata keçirilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub daha da möhkəmləndirilməsindən, ərazi bütövlüyünün bərpa edilməsindən, demokratik, hüquqi, ictimai-siyasi sabit və müasir cəmiyyət qurulmasından ibarət olub Verdiyi vədlərə sadiq qalmış Azərbaycan iqtidarı bütün islahatları ardıclıqla icra edir.
Azərbaycanın etibarlı gələcəyi naminə bizim hamımızın bir yolu, bir məqsədi, bir amalı olmalıdır. Bu yol Ulu Öndər Heydər Əliyev yoludur. Bu yol Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin böyük Zəfər yoludur. Məqsədimiz isə güclü dövlətə, güclü orduya, güclü xalqa sahib olmaqdır.
Mehriban İsafiova