22 noyabr 2024 11:11
127

COP29 çərçivəsində kiçik ada dövlətlərinin Sammiti maraqla qarşılandı

Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi beynəlxalq standartlara uyğun olaraq insan haqları sahəsində də daha şəffaf və ədalətli addımlar atır.  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyaları (COP) hər il keçirilir. Dünyanın hər yerindən dövlət və hökumət başçıları COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində birgə səylər göstərir. Hər il fərqli ölkənin ev sahibliyi etdiyi COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində, sonuncusu - 28-ci sessiyası (COP28) isə 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib. Bu, dünyanın ən mötəbər beynəlxalq tədbiridir, ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. COP29-un paytaxtımızda keçirilməsi BMT səviyyəsində ölkədə siyasi və iqtisadi sabitliyin tanınmasından xəbər verir. Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edibvə bu proses uğurla davam edir. Azərbaycan ardıcıl dörd il Qoşulmama Hərəkatına sədrlik edib. Dövlətimiz Avropa İttifaqının doqquz üzvü ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb. Bu, dünya siyasətində unikal nümunədir. COP29-un Bakıda keçirilməsi qərarı, həm də Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyini ifadə edir.

Noyabrın 13-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını 29-cu sessiyası (COP29) çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Dövlət başçısı çıxışına Azərbaycanın son illərdə inkişaf edən kiçik ada dövlətləri ilə münasibətləri yeni bir mərhələyə daşımasından bəhs edərək başlayıb. COP29-a ev sahibliyi edən Azərbaycan, qlobal iqlim mübarizəsində öz yerini möhkəmləndirmək və kiçik ada dövlətlərinə dəstəyini genişləndirmək üçün mühüm addımlar atır. Kiçik ada dövlətləri, iqlim dəyişikliyinin ən ciddi təsirlərinə məruz qalan ərazilərdəndir. Bu ölkələr qlobal istiləşmənin nəticəsi olaraq su səviyyələrinin artması, quraqlıq və ekstremal hava şəraiti kimi ekzistensial təhlükələrlə üzləşir. Prezident İlham Əliyev çıxışında inkişaf etmiş bütün ölkələrə, o cümlədən  müstəmləkə keçmişi olanlara müraciət edərək, kiçik ada dövlətlərinin qlobal səhnədə səsinin eşidilməsinin və onlara maddi və texniki dəstək göstərilməsinin əhəmiyyətini vurğuladı. Ölkə Prezidentimiz cənab İlham Əliyev Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxdığını vurğulayıb: “Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir”.

Ölkəmizin Prezidenti qlobal istiləşmənin nəticəsi olaraq su səviyyələrinin artması, quraqlıq və ekstremal hava şəraiti kimi ekzistensial təhlükələrlə üzləşən kiçik ada dövlətlərin səsini prioritetləşdirdi, inkişaf etmiş dövlətlərə çatdırdı.  Prezident İlham Əliyev həmçinin, kiçik ada ölkələrinin üzləşdiyi çağırışların aradan qaldırılmasında COP29-da Azərbaycanın göstərdiyi səylərdən də bəhs edib. Dövlət başçısı çıxışında Azərbaycan tərəfindən kiçik ada dövlətlərinə edilən yardım proqramlarından da bəhs etdi. Azərbaycan iqlim dəyişiklərinin təsirinə məruz qalan kiçik ada dövlətlərinə bir çox layihə və proqramlarla dəstəyini nümayiş etdirib. Dövlətimiz bir sıra kiçik ada ölkələrinə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq məqsədilə yardım göstərmiş, su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişdir. Bu təşəbbüslərə əlavə olaraq, ondan çox kiçik ada dövlətindən olan vətəndaşlar Azərbaycanın universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramlarından yararlanmışdır. Azərbaycan Qoşulmama Hərəkatının sədri olduğu dövrdə 80-dən çox ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Ölkəmizin bu səyləri, həm beynəlxalq səviyyədə, həm də regional arenada nüfuzumuzun artmasına və iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm tərəfdaş kimi tanınmağımıza kömək edib. Prezient İlham Əliyev çıxışı çərçivəsində Karib və Sakit Okean regionundakı dəniz ərazilərinin çətinliklərindən də bəhs etdi. Karib və Sakit okean regionlarında yerləşən bəzi dırnaqarası dəniz əraziləri iqlim dəyişikliyinin ciddi təsirlərinə məruz qalıb. Fransanın və Niderlandın bu ərazilərdəki müstəmləkələri, su səviyyəsinin artması, ekstremal hava şəraiti və biomüxtəlifliyin pozulması kimi təhlükələrlə üzləşir. Bəzi hallarda bu icmaların səsi onların metropoliya dövlətləri tərəfindən susdurulur, bu da onların öz müstəqilliklərini və hüquqlarını qorumaq yolunda maneələrlə üzləşməsinə səbəb olur.

Prezident İlham Əliyevin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışı, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə qlobal lider kimi mövqeyini gücləndirmək və xüsusilə həssas və zəif ölkələrə dəstək göstərmək əzmini bir daha nümayiş etdirdi.  Hər zaman haqqın, ədalətin tərəfində olan Azərbaycan bu dəfə dünya birliyinə iqlim çağırışları ilə bağlı müzakirələrin aparılması üçün böyük bir platforma təqdim etdi.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri