Uzun illərdir 63 ölkə arasında birinci yerdə olan İsveçin “Climate Change Performance Index” qlobal iqlim reytinqində (iqlim dəyişikliyi ilə mübarizənin effektivliyi indeksi, CCPI) enişi davam edir. Ölkə iki il ərzində altı pillə itirib və Hindistan və Mərakeşdən də aşağı enib.
“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən COP29 iqlim sammitində təqdim olunan yenilənmiş CCPI nəticələri təsdiq edir.
Buna əsas səbəb Kristersson hökumətinin iqlim siyasətində dəyişiklik olub. İndeksi tərtib edən “Germanwatch” təşkilatı qeyd edir ki, İsveç hökuməti hava nəqliyyatına vergi və elektriklə işləyən avtomobillərə subsidiyalar kimi təşəbbüslərdən imtina edib. Bu dəyişikliklər emissiyaların azaldılması və bərpaolunan enerjidən istifadə sahəsində yaxşı göstəricilərə baxmayaraq, ölkənin reytinqdəki mövqelərinə mənfi təsir göstərib.
Daha gözlənilməz odur ki, iqlim siyasətində nadir hallarda lider sayılan bir neçə ölkə İsveçdən yuxarıda yer alır. Onların arasında Filippin, Mərakeş və Hindistan da var. Bunun səbəbini ekspertlər sözügedən ölkələrdə aşağı emissiya və adambaşına enerji istehlakının aşağı olması ilə izah edirlər. Onlar eyni zamanda hesab edirlər ki, İsveç iqlim siyasətinə yenidən baxarsa və yüksək reytinqli Danimarkadan nümunə götürərsə, lider mövqeyini geri qaytara bilər.
Qeyd edək ki, Danimarka dünyada kənd təsərrüfatında metan emissiyalarına görə vergi tətbiq edən ilk ölkə olub. Ölkədə həmçinin böyük ərazilərin meşələşdirilməsi və bataqlıq ərazilərdə yerləşən 140 min hektar kənd təsərrüfatı sahəsinin bərpası planlaşdırılır.