20 noyabr 2024 22:57
125

Gültəkin Hacıbəyli yenə fransızsayağı notlarla ifa edir...

Mənəvi-əxlaqi deqredasiyaya məruz qalan bu siyasi avantüristdə əxlaqi və hüquqi şüurda öz əksini tapan milli təəssüb, şərəf, mərdlik, ədalətlilik kimi keyfiyyətlər tamamilə sıradan çıxıb

İqlim dəyişmələri ilə bağlı beynəlxalq əhəmiyyətli tədbirlərin Bakıda uğurla davam etməsi ölkəmizdəki radikal müxalifət düşərgəsinin primadonnası, ilan qabığını dəyişən kimi gündə bir əqidə dəyişən “Milli Şura” adlı amorf qurumun Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli internet resurslarından istifadə edərək anti-Azərbaycan dairələrin ölkəmizə qarşı apardıqları “qara piar” kampaniyasına züy tutmaqla öz xəyanətkar xislətini bir daha ortya qoyur.

Təbii ki, bir az əvvəl ilan qabığını dəyişər ifadəsini təsadüfən işlətmədik. Çünki bu çox təhlükəli və zəhərli sürünən qabığını dəyişər, zəhərini yox. Bəzi insanlar da elədir. Bu dünyaya necə gəliblərsə, elə də gedirlər. Yəni xarakterlərini dəyişmirlər. Gündə bir siyasi partiya və təşkilat dəyişən G.Hacıbəyli də bu qəbildəndir. Hamımızın yaxşı tanıdığımız bu reneqat Qərbdəki ağalarından gələn tezisləri əsasında ölkəmizə qarşı qarayaxma kampaniyasını özünəməxsus çirkin üsullarla davam etdirir. Bu xəyanətkar COP29-un Bakıda davam etdiyi günlərdə də erməni təəssübkeşliyini gizlədə bilmir. O, sosial mediada, internet resurslarında Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparmaqla İkinci Qarabağ müharibəsindəki tarixi Zəfəri ilə ərazi bütövlüyünü, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində isə öz suverenliyini tamamilə bərpa edən Azərbaycanın güclənməsini, müstəqil siyasət yeritməsini həzm edə bilməyən qatı ermənipərəst Frenk Pallone, Ed Marki, Frank Şvabe kimi ünsürlərdən heç də geri qalmır.

Əslində Gültəkin Hacıbəyli özü də yaxşı bilir ki, Qərbdəki bəzi dairələrin həm COP29 ərəfəsində, həm də bu möhtəşəm tədbirin Bakıda uğurla davam etdiyi günlərdə Azərbaycana qarşı sərgilədikləri klassik qərəzli, ikiüzlü, riyakar mövqe demokratiya, insan haqları, azad media məsələləri ilə bağlı deyil. Onların əsas məqsədi  erməni lobbisinin sifarişləri ilə əsl reallıqları təhrif etməklə Azərbaycanın beynəlxalq imicinə zərə vurmaqdır.

İş orasındadır ki, xaricdəki ağaları kimi ikiüzlülüyü, riyakarlığı və xəyanətkarlığı ilə məşhuri-cahan olan G.Hacıbəyli bütün bunları bilə-bilə yenə də düşmən dəyirmanına su tökməkdə davam edir. Xarici anti-Azərbaycan dairələrin maşası olan “Milli Şura” adlı antimilli qurumun təmsilçisi olan bu avantürist indi də AXCP sədri Əli Kərimlinin son günlərdə ermənipərəst dairələrin ruporuna çevrilən bəzi xarici media orqanlarına verdiyi donosvari müsahibələri utanmadan təqdir edir. O, yazır: “Dünyanın informasiya nəhəngləri-  “The Washington Post”, The Times”, “The Telegraph”, “The Economist” və s. kimi nüfuzlu mətbu orqanları bir-birinin ardınca Əli bəylə müsahibələr dərc edir, onun yazılarını paylaşırlar. Hökumət qucaq-qucaq pullar xərcləyib konfiqurasiya müxalifəti yapdı, avtobusa mindirib gəzdirdi, parlamentə təyin etdi, ancaq uluslararası media məhz Əli Kərimlini “Azərbaycan müxalifətinin lideri” olaraq təqdim edir”.

Antimilli düşərgənin əsas təmsilçilərindən olan G.Hacıbəyli daha sonra utanmadan bildirir: “Prezident İ.Əliyevin COP29-da Qərbi hədəf alan çıxışından sonra Azərbaycan hakimiyyətinə basqıların artacağı qaçılmazdır. Hələ üstəlik Əliyev-Ərdoğan ilişkilərində yaranan çatların Qərbi daha da cəsarətləndirəcəyi olasılığı da var...”

Daha nə deyəsən? Yalanın, böhtanın, qərəzin də bir həddi olmalıdır. Görünür ki, Ə.Kərimlinin “danışan dili” olan, ermənipərəst Frenk Pallone, Ed Marki, Frank Şvabe kimi ünsürlərdən heç də fərqlənməyən, mənəvi-əxlaqi deqredasiyaya məruz qalan G.Hacıbəylidə əxlaqi və hüquqi şüurda öz əksini tapan milli təəssüb, şərəf, mərdlik, ədalətlilik kimi keyfiyyətlər tamamilə sıradan çıxıb. Bu siyasi avantüristin son günlərdə sosial şəbəkələrdəki fəaliyyəti ilə bağlı reallıqlar bunu deyir...

Zahid Rza, “İki sahil”