20 noyabr 2024 18:38
197

Ağdam: “Qafqazın Xirosiması”ndan “Sülh şəhəri”nə gedən yolda

Noyabrın 20-də Ağdam şəhərinin erməni işğalından azad edilməsinin dörd ili tamam olur. Bu tarixi hadisəni əbədiləşdirmək məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri, o cümlədən 20 noyabr ‒ Ağdam Şəhəri Günü təsis edilib.

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.

Rayon erməni silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra 846,8 kv. km-lik ərazi, o cümlədən bir şəhər və 80 kənd, 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü tamamilə yerlə-yeksan olundu. Rayonun işğal olunmuş ərazisində bütün tikililər ‒ Azərbaycanın tarixi, mədəni, dini və milli abidələri, mövcud infrastruktur darmadağın edilməklə heç bir əsər-əlamət qalmadı. Əbəs yerə Ağdamı “ruhlar şəhəri”, “Qafqazın Xirosiması” adlandırmırdılar.

2020-ci ilin 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qazandığı şanlı Zəfərə gedən yolda Ağdam rayonu hərbi-siyasi taktika, döyüş manevri baxımından mühüm əhəmiyyət kəsb edib. Təsadüfi deyildi ki, düşmən Ağdamı bütünlüklə minalamaqla ən möhkəm istehkamlar burada qurmuş, qoşunlarının əsas hissəsini bu istiqamətdə cəmləşdirmişdi.

Şuşa Zəfərindən sonra kapitulyasiya aktını imzalayan Ermənistan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Birgə Bəyanata əsasən, Ağdamdan çıxmağa məcbur oldu. Azərbaycan Silahlı Qüvvələri şəhid vermədən, qan tökülmədən Ali Baş Komandanın möhtəşəm strateji planına əsasən Ağdam rayonunun ərazilərinə daxil oldu, BMT Təhlükəsizlik Şurasının 27 il əvvəl qəbul etdiyi kağız üzərində qalan 853 saylı qətnaməsini icra etdi.

İlk dəfə, 2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinə gələrək, Azərbaycan bayrağını ucaldaraq növbəti dəfə xalqımıza qələbə və qürur hissini bəxş etdi. Dövlət başçısının Sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edilib, Silahlı Qüvvələrimizin 5790 hərbi qulluqçusu həmin medalla təltif olunub.

Vaxtilə Qarabağ iqtisadi rayonu ilə yanaşı, Azərbaycanın sənaye-aqrar mərkəzlərindən biri olan, sosial-iqtisadi aktivliyi ilə seçilən Ağdam şəhərinin resursları və iqtisadi sərvətləri də tamamilə dağıdılıb.

44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra işğaldan azad edilmiş bütün ərazilərimizdə olduğu kimi Ağdamda da fasiləsiz quruculuq-bərpa işlərinə başlanılıb, Böyük Qayıdış proqramının icrası uğurla davam edir.

Son 4 il ərzində Prezident İlham Əliyev dəfələrlə Ağdam rayonunda olub, Muğam Mərkəzinin, Xıdırlı, Kəngərli, Baş Qərvənd, Sarıcalı, Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı, Eyvazxanbəyli kəndlərinin, digər yaşayış məhəllələrinin, Ağdam şəhər inzibati binasının, Bərdə-Ağdam dəmir yolu xəttinin, Mərkəzi Xəstəxananın və digər obyekt və infrasrtrukturların təməllərini qoyub. Xurşudbanu Natəvanının abidəsinin, Bərdə-Ağdam avtomobil yolunun, Ağdam Cümə məscidinin “Aghdam City Hotel”in və digər mühüm obyektlərin açılışlarını edib.

Yeri gəlmişkən, 2022-ci il oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı ilə birgə ilk Milli Şəhərsalma Forumunun Ağdamda keçirilməsi də təsadüfi deyildi. Bu, beynəlxalq ictimaiyyətin diqqətini həm erməni vandalizminin vurduğu böyükhəcmli dağıntılara yönəltmək, həm də Azərbaycanın öz iqtisadi qüdrəti ilə Ağdamın əvvəlkindən də yaraşıqlı, zövqlü, müasir şəhərsalma üslubuna uyğun qurulmasını nümayiş etdirmək məqsədi daşıyırdı. 

Ağdam müasir şəhərsalma mədəniyyətinin ən son yenilikləri və milli arxitektura üslubu əsasında, eyni zamanda, iqtisadi planlaşdırma baxımından sənayeləşmənin yeni ünvanlarından biri kimi qurulmaqdadır. Rayonun ölkə iqtisadiyyatına inteqrasiyanın təməlləri qoyulub və ölkəmizin sənaye quruculuğuna transformasiya başlayıb.

Rezident sayına və sənaye cəlbediciliyinə görə, Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdə qərarlaşan Ağdam Sənaye Parkına cəmi 2 il ərzində 80 milyon manata yaxın investisiya qoyulub. Təxminən 2 ay əvvəl, sentyabrın 19-da cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “BAFCO Invest”, “Eel Electric”, “Rail Trans Service”, “Mister Decor” MMC, “Metkons” və “Prof-Dam” MMC-lər hazırda  ölkəmizin sənaye zəncirinə qoşulmaqla ümumi sənaye buraxılışında yer almaqdadır. Sənaye Parkının digər istehsal sahələrinin qurulmasında xarici investorlar da birgə yer almaq niyyətindədir. Belarus Respublikası ilə imzalanmış Sazişə əsasən, Ağdamda aqroşəhərciyin salınması nəzərdə tutulur.

Ağdam digər ərazilərimiz kimi füsunkar təbiətə, geniş turizm imkanlarına malikdir. Şuşa və Xankəndinin arasında coğrafi körpü rolunu oynayan Ağdamın rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi üçün ilk əsaslar da qoyulub. Prezident İlham Əliyevin sentyabrın 19-da açılışını etdiyi “Aghdam City Hotel” ən müasir standartlara cavab verməklə, rayonun əvvəlki əzəmətli simasını yenidən dizayn edəcək.

Şəhərin yeni Baş Planına əsasən beş məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri aparılır, paralel olaraq digər məhəllələrdə inşaatlar həyata keçirilməkdədir. Şəhərdəki ilk yaşayış binaları tamalanmaq üzrədir və Ağdam özünün əzəli sakinlərini gözləyir.

Beləliklə, erməni vandallığının qurbanı olan və buna görə “Qafqazın Xirosiması” adlandırılan Ağdamın yaxın illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq işləri sayəsində “Sülh şəhəri”nə çevrilməsinin şahidi olacağıq.

Ramid Namazov,
​Milli Məclisin deputatı