19 noyabr 2024 16:27
39

Məsuliyyətli addım və doğru qərar

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar - 91 ziyalı ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevə müraciət edərək, onun ətrafnda sıx birləşdilər.

1992-ci il noyabrın 21-də gənc respublikamızda çox əlamətdar hadisə baş vermişdir. Tarixi hadisə baş vermişdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və Sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu, doğrudan da tarixi hadisə idi. Deyə bilərəm ki, gənc dövlətimiz üçün dönüş nöqtəsi idi. Çünki müstəqilliyimizin ilk ayları, ilk illəri hamımızın yaxşı xatirindədir. Çox ağır, faciəvi illər idi. O vaxtkı iqtidarın müstəqilliyi saxlamaq üçün gücü çatmırdı. Eyni zamanda, biz müharibə şəraitində yaşayırdıq və cəbhədə hərbi uğursuzluqlar əlbəttə ki, cəmiyyətimizi böyük dərəcədə sarsıtmışdı. 1992-ci ilin mayında Şuşa və Laçının işğala məruz qalması əlbəttə ki, çox böyük faciə idi. Ancaq 1992-ci ilin ortalarında hakimiyyəti ələ keçirmiş qüvvələr ölkəmizi daha da bərbad vəziyyətə qoymuşdu. O vaxtkı iqtidarın bacarıqsızlığı, peşəkarsızlığı, xəyanəti nəticəsində demək olar ki, müstəqilliyimiz əldən gedirdi. Ölkədə gedən xoşagəlməz proseslər, böhran, iqtisadi tənəzzül, siyasi sabitsizlik demək olar ki, müstəqilliyimizə böyük zərbələr vurmuşdu. Belə bir şəraitdə cəmiyyətimizin parlaq simaları, ziyalılar, cəmiyyətimizdə böyük hörmətə malik olan insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşdilər.

Ulu Öndər Heydər Əliyev tərəfindən qurulan müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi və inkişafı bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilir. Çünki böyük ideyalarla zəngin olan YAP Azərbaycan dövlətçiliyinin və xalqının rifahı, xoşbəxt gələcəyi naminə çalışan və konkret konsepsiyaya malik siyasi təşkilatdır. Ulu öndər Heydər Əliyevin qurucusu olan YAP bu gün müsbət keyfiyyətləri ilə fərqlənməkdədir. 800 minə yaxın üzvü olan YAP dünyanın ən güclü siyasi təşkilatları ilə bir sıradadır. Bu baxımdan da, qədirbilən xalqımız Ulu Öndər Heydər Əliyev ideyalarını özündə əks etdirən Yeni Azərbaycan Partiyasına böyük diqqət və qayğı, tükənməz məhəbbət hissi ilə yanaşır. Bütün bunlar isə cəmiyyətin sosial münasibətlər sistemində Yeni Azərbaycan Partiyasının aparıcı bir siyasi güc mərkəzinə çevrilməsində mühüm töhfə  kimi qiymətləndirilir.

Məlumdur ki, hakim partiya əməkdaşlığa daim açıqdır, qarşısındakı vəzifələrdən biri kimi partiyalararası siyasi dialoqu stimullaşdırmağa diqqət ayırır. Çünki siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşıda duran vacib məsələlərdəndir. YAP-ın təşəbbüsləri ölkəmizin gələcək siyasi sistemi, onun təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir.

Bütün bunlar deməyə əsas verir ki, hakim siyasi təşkilat qarşıdakı illərdə də üzərinə götürdüyü missiyaları uğurla yerinə yetirəcək, ulu öndər Heydər Əliyevin fikirləri ilə ifadə etsək, dünənin, bu günün partiyası olan YAP, həm də gələcəyin partiyası olacaq.

Nərminə Həsənova,
Xətai bələdiyyəsinin əməkdaşı