22 noyabr 2024 23:46
91

Biz erməni faşizmini məhv etdik

Ermənistan silahlı qüvvələrinin 2020-ci il 27 sentyabr tarixində ərazilərimizi müxtəlif istiqamətlərdən raket atəşinə tutmasından sonra rəşadətli  Ordumuzun  44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da hərbi-siyasi Qələbəmizin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan  üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi.  Beləliklə, 30 illik  torpaq həsrətimizə  son qoyuldu, tarixi ədalət bərpa edildi.  Prezident, Ali Baş Komandan İlham Əliyevin adı tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazıldı. Bir daha sübut olundu ki, ən güclü ordu Azərbaycan Ordusudur, ən məğrur, yenilməz xalq Azərbaycan xalqıdır. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına uyğun olaraq 20 noyabr Ağdaş Şəhəri Günü, 25 noyabr isə Kəlbəcər Şəhəri Günüdür.

BMT Təhlükəsizlik Şurasının 27 il sadəcə kağız üzərində qalan 4 qətnaməsi Azərbaycan Ordusu tərəfindən cəmi 44 gündə icra edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonları qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı.  Şəhər günlərinin təsis edilməsi bu tarixlərin unudulmamasına, həmçinin 30 illik işğal dövrünün reallıqlarına daim diqqətin yönəldilməsinə, həqiqətlərimizin təbliğinə xidmət edən mühüm addımlardandır.  Tariximizin hər bir səhifəsinin vərəqlənərək indiki və gələcək nəsillərə çatdırılması əsas çağırışlar sırasındadır. 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Dövlətimizin başçısı İlham Əliyev  Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda bu reallıqları diqqətə çatdırdı ki, Sovet İttifaqının vaxtında Ağdam Qarabağda ən böyük şəhər idi. Həyatla coşub-daşan şəhər idi və Azərbaycanda hər kəs bunu bilir. Əraziləri işğaldan azad etdikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər: “Bu adlardan biri “urbisid qurbanı” idi, bu da tamamilə doğru idi. Digər ad “ruhlar şəhəri” idi, bu da tamamilə doğrudur. Biri də “Qafqazın Xirosiması” idi.

Lakin Xirosimadan fərqli olaraq, dağıntılar atom bombasının partlaması nəticəsində baş verməmişdir, bu, qonşularımızın vandalizmi və barbarlığı nəticəsində olmuşdur. Lakin indi biz qayıtmışıq, biz güc yolu ilə geri qayıtdıq, biz beynəlxalq hüquq normalarından istifadə edərək geri qayıtdıq və biz burada yaşamağa, əbədi yaşamağa geri qayıtdıq”. Hazırda azad edilmiş bütün torpaqlarımız müasir tələblər səviyyəsində, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri əsasında yenidən qurulur, mərhələ-mərhələ sakinlərinə qoduşur. Ağdam şəhərinin gələn il sakinlərinə qovuşması nəzərdə tutulub. 25 noyabr Kəlbəcər Şəhəri Günüdür. Prezident İlham Əliyevin azad edilmiş ərazilərə, o cümlədən Kəlbəcər rayonuna hər bir səfəri tarixi hadisə olmaqla yanaşı, yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. 1993-cü ildə Kəlbəcər rayonunun azərbaycanlı əhalisinin oradan necə zorakılıqla qovulduğunu yada salaq. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməmiş, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunmuşdu.  2020-ci il 25 noyabr tarixində ermənilərin  Kəlbəcəri boşaldarkən törətdikləri vandallıq da  hər kəsə məlumdur.  Ermənilər buranı tərk edərkən evləri yandırdı,  meşələrə od vurdu, suları çirkləndirərək ekoloji fəlakət törətdilər.  Onlar ev əşyalarından tutmuş, qəbir daşlarına qədər özləri ilə apardı, ağacları doğrayıb daşıdı, evlərə od vurub yandırdılar.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev  Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bu məsələyə diqqəti yönəldərək bildirmişdi: “Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik”. 27 illik işğal dövründə işğaldan azad edilmiş digər torpaqlarımız kimi, Kəlbəcər rayonunun da infrastrukturu Ermənistan tərəfindən vəhşicəsinə  dağıdılıb və təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilib. İşğal nəticəsində Kəlbəcərə ən azı on milyard dollarla ziyan dəyib. Ekspertlərin də bildiridikləri kimi, hərbi əməliyyatlar çox mürəkkəb relyef quruluşuna, böyük əraziyə malik olan Kəlbəcərdə də aparılsaydı,  itkilərimiz daha çox olardı. Lakin Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük bir hissəsini və Şuşanı hərbi yollarla azad etməklə, döyüş meydanında düşmənin belini qırdı.

Şuşanın azad olunmasından bir gün sonra isə 70-dən çox kəndin  azad edilməsi düşməni diz çökdürdü və Ermənistan kapitulyasiya aktını imzalamalı oldu.  Kəlbəcər, Laçın və Ağdam rayonlarını tərk edəcəyinə dair öhdəlik götürdü. Bu gün Kəlbəcər həyatının yeni dövrünü yaşayır. Dörd ildir bu torpaqlarımızda dağıntıları quruculuq işləri əvəzləyir. Torpaqlarımız tarixi sahibinə qovuşduğu üçün qürurludur. Tarixi Zəfərimiz  erməni faşizminin bütün bəşəriyyət üçün nə dərəcədə təhlükəli  olduğunu bütün dünyaya göstərdi.

Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri