Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və QS Beynəlxalq Reytinq Agentliyinin baş vitse-prezidenti Ben Sovterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) görüş keçirilib.
Universitetdən “İki sahil”ə bildirilib ki, görüşdə rektor Ədalət Muradov UNEC-in beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsinin universitetin əsas strateji hədəflərindən biri olduğunu diqqətə çatdıraraq bu istiqamətdə həyata keçirilən yeniliklərdən və əldə olunan uğurlardan söz açıb.
QS Reytinq Agentliyinin baş vitse-prezidenti Ben Sovterin universitetlərin mövqelərinin reytinqində yüksəlməsi istiqamətində diqqət edilməli olan məqamlar və əsas meyarlar barədə məlumat verib. Reytinqdə, əsasən, akademik nüfuzun, işəgötürənlərin reputasiyasının, beynəlxalq əməkdaşlığın, elmi fəaliyyətin və s. faktorların yer aldığını diqqətə çatdırıb.
Sonra QS reytinqinin əsas meyarları və metodologiyaları ilə bağlı müzakirələr aparılıb. Universitetlər haqqında məlumatların və hesabatların əlçatan olmasının vacibliyi vurğulanıb.
Müzakirələrdən sonra rektor Ədalət Muradov və baş vitse-prezident Ben Sovterin arasında UNEC-in Future17 - Dayanıqlı İnkişaf Məqsədləri (SDG) proqramına qoşulmasına dair müqavilə imzalanıb.
QS nümayəndə heyəti UNEC-in Bloomberq Maliyyə Laboratoriyası, imtahan və oxu zalları, Ekstern Mərkəzi ilə də tanış olub.