20 noyabr 2024 01:58
194

Əmmaməlisi elə, başaçığı belə...

İran rejimi imicini dəyişsə də əməlini dəyişmir

Bu ölkə Azərbaycana heç vaxt xoş məram nümayiş etdirməyib, indi də bunu ondan gözləmək sadəlövhlük olardı. Hətta ən ağır dövrümüzdə-Birinci və İkinci Qarabağ müharibələri dövründə də Ermənistanla dostluğunu, “qardaşlığını” davam etdirdi. Həm də bizim ziyanımıza. Köhnə bədxah əməllər bu gün də davam etdirilir. Əvvəllər əmmaməli prezidentlərin hakimiyyəti zamanı Azərbaycana hədə-qorxular, təhdidlər, az qala müharibə anonsları verilirdisə indi taktika dəyişib. Yeni seçilmiş başıaçıq Prezident şərə, böhtana və şantaja üstünlük verir, sələflərinin əyri-üyrü cığırlarından çıxıb düz yola gəlmir. Rejimi təmsil edənlər bu günlərdə öz simasızlıqlarını bir daha göstərdilər.

“İran Prezidenti COP29-da şəxsən iştirak etməli idi. Lakin İsrail sionist rejiminin rəsmisinin iştirakı səbəbindən sammitə gəlmədiyini təsdiqlədi.”

Bu iddianı İran parlamentinin Milli təhlükəsizlik komissiyasının üzvü Fədahüseyn Maliki səsləndirib. Maliki qeyd edib ki, Azərbaycan Tehran Konvensiyası əsasında Xəzər dənizinin mühafizəsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib: “Ən mühüm maneə İsraili enerji ilə təmin etmək məqsədilə Azərbaycanda ingilis-sionist şirkətlərin olmasıdır ki, bu da mehriban qonşuluq siyasəti və Tehran Konvensiyasının ruhuna ziddir. Biz gözləyirik ki, Xarici İşlər Nazirliyi, Ətraf Mühit Agentliyi və Energetika Nazirliyi Azərbaycanın qanun pozuntuları ilə bağlı parlamentə geniş hesabat təqdim edəcək. Biz buna daha ciddi nəzarət edəcəyik”.

Əlbəttə, Pezeşkianın COP29-un Liderlər Sammitində iştirak etməməsinin səbəbi kimi İsrail rəsmilərinin bu tədbirə qatılmasının göstərilməsi barədə iddialar tamamilə yalan və siyasi riyakarlıqdır. Keçən yazıda bunu “keçi su bulandırması” da adlandırmışdıq. Çünki İsrail Prezidentinin Ofisi İshaaq Hersoqun Azərbaycana “COP29 tədbirlərinin ikinci həftəsində gedəcəyi” barədə rəsmi açıqlama yaymışdı. Lakin Türkiyə hava məkanını açmadığı üçün bu səfər də ləğv edildi. Yəni, İsrail nümayəndələrinin Liderlər Sammitində iştirak etməyəcəyi əvvəlcədən məlum idi. İran Prezidenti Pezeşkianın isə Liderlər Sammitində iştirak edəcəyi rəsmən təsdiqlənmişdi. Ancaq Pezeşkian heç bir rəsmi açıqlama vermədən səfərini ləğv etdi. Ənənəsinə müvafiq olaraq özünün eyiblərini başqasının üstünə atmağa cəhd edən ölkənin başçısı necə hərəkət etməli idi ki? İran ekologiyaya ziyan vurmağa görə Azərbaycanı ittiham edə biləcək ən son ölkədir. İran bu vaxta qədər COP konfranslarında heç vaxt yüksək səviyyədə iştirak etməyib, iqlim dəyişikliyinə qarşı mübarizə məqsədi ilə indiyədək bir tümən də vəsait xərcləməyib. Bu dövlətin Azərbaycanı tənqid etməsi absurddur.

Azərbaycan Xəzərdən nefti ən son texnologiya ilə çıxardığı halda İran köhnəlmiş avadanlıqlardan istifadə edir. Çünki sanksiya səbəbindən yeni texnologiyalar ala bilmir. Bu səbəbdən də dənizi neftlə, mazutla çirkləndirir. İran hansı üzlə Azərbaycanın Xəzərdən çıxardığı neftə görə dənizi çirkləndirdiyini iddia edə bilər? O ki qaldı “İsraili enerji ilə təmin etmək məqsədilə” Xəzərdən neft çıxarılmasına, bu da Azərbaycana qarşı İranın növbəti həyasız şəridir. Azərbaycan neft ixrac edən ölkədir və pulunu ödəyənə neftini satır. İran isə onillərdir Azərbaycanın düşməninə neft, qaz, silah satır, bəzən də bağışlayır. Azərbaycanın öz neftini dünya bazarına çıxarması “qonşuluq prinsipinə” niyə zidd olsun ki? İranın qonşuluqdakı Ermənistana Azərbaycana qarşı bütün vasitələrlə kömək etməsi, ona silah, sursat, raket, yanacaq satması, gah da bağışlaması “müsəlman qardaşlığına” qara ləkədir. Pezeşkian izahat versin ki, Cənubi Azərbaycan ərazisindəki Urmiya gölünü qurutmaqdan məqsəd nədir? Cavabını gözləyən başqa suallar da var. Yekunda fikir hasil olur ki, İran rejimi ətrafa həm siyasi, həm də ekoloji üfunət yayır, insanların və üstündə yaşadığımız Yer kürəsinin taleyi onu əsla maraqlandırmır. İranın öz vətəndaşlarına bu dünyada cəhənnəm əzabı yaşadan əmmaməli və başıaçıq rejimləri onları heç kəsin xəbər gətirmədiyi o dünyada cənnətə getmək yalanları ilə aldatmaqla məşğuldur. Babalları öz boyunlarına...

Vəli İlyasov, “İki sahil”