19 noyabr 2024 10:12
145

20 Noyabr Ağdam Şəhəri Günü qürurverici tarixdir

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Artıq noyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən dörd il keçir. Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Döyüşlər  zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib.

Azərbaycan Silahlı Qüvvələrinin hər gün qələbə qazanması işğalçı dövlətin həm ordusunda, həm də əhalisi arasında ciddi çaxnaşma yaradırdı. Qorxuya düşən erməni hərbçiləri döyüş meydanından və ya ordudan qaçmaqla canlarını qurtarmağa çalışırdılar. Azərbaycanın işğal olunmuş torpaqlarının böyük hissəsi 44 günlük döyüşlər nəticəsində azadlığına qovuşdu. Ona görə ki, Ağdam  düşmən tərəfindən bütünlüklə minalandığından, Ermənistanın işğalçı qoşunlarının əsas hissəsi bu istiqamətdə cəmləşdiyindən və ən möhkəm istehkamların burada quraşdırıldığından Azərbaycan Ordusu hərbi taktika işlədərək bu istiqamətdə geniş döyüş əməliyyatlarına qoşulmadı. Azərbaycan Ordusu  bu istiqamətdən hücuma keçsəydi xeyli sayda itki verə bilərdi. Bu isə Qələbəyə gedən yolda müəyyən çətinliklər yarada bilərdi. Təbii ki, ermənilər ordumuzu ilk olaraq məhz bu istiqamətdən gözləyirdi. Lakin silahlı qüvvələrimiz  o zamankı təmas xəttinin Ağdam istisna olmaqla, digər bütün əraziləri boyunca irəliləyərək döyüş əməliyyatlarını davam etdirib. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində düşmənin Ağdamdakı qüvvələri yarımmühasirə vəziyyətinə düşüb. Bu da Ermənistan daxilində və bu ölkənin hərbi-siyasi rəhbərliyi arasında ciddi qarşıdurmaya səbəb olub.

Ümumiyyətlə, Azərbaycan Ordusunun gücü və qüdrətinin qarşısında tab gətirməyin mümkün olmadığını, həm canlı qüvvə, həm də hərbi texnika sarıdan xeyli itkilərə məruz qaldığını dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur oldu. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.

Məlumdur ki,  1993-cü ildə Ağdam uğrunda davam edən 42 günlük döyüşdən sonra  iyulun  23-də rayon işğal edildi. Rayonun ərazisinin 73 faizi itirildi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal zamanı rayonun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam düşmənlə 4 illik  döyüşlərdə 6 000 şəhid verdi, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır.

Xatıoladaq ki, 2020-ci ilin noyabrın 23-də Ağdam rayonu azad edildikdən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində olublar. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli Bayrağını qaldırıb. Postmüharibə dövründə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Ağdam rayonunda səfərdə olaraq orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar. Hazırda Ağdamda bərpa-yenidənqurma işləri sürətlə davam edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev hələ işğaldan azad edilən Ağdama ilk səfərində demişdir: «Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.» Ölkə başçısı bu vədinə də sadiq qaldı. Belə ki, postmüharibə dövründə Prezident İlham Əliyevin tapşırığı və qayğısı ilə Ağdam yenidən qurulur. 2021-ci  ilin 28 may tarixində Ağdamın Baş planı təsdiq olundu və şəhər  bu plana uyğun  bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda ikinci məhəllədə 66 binanın tikinti işləri davam edir. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq.

Son bir neçə ayda Ağdamın üç kəndində  - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. Ağdamda infrastruktur obyektlərin açılışını da prioritet məsələ hesab edən Prezident İlham Əliyev məhz 2023-cü ilin dekabrın 24-də özünün doğum günündə «AzərEnerji» Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq «Ağdam» qovşaq yarımstansiyasının açılışında, Ağdam şəhərində salınacaq dördüncü və beşinci yaşayış kompleklərinin, Ağdam şəhər Mərkəzi parkının, rayonun Qiyaslı kəndinin, Baş Qərvənd kəndinin təməlqoyma və Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimlərində iştirak edib. Bu ilin  aprelin 25 –də isə ölkəmizin  başçısı  və Qırğızıstanın dövlət rəhbəri Sadir Japarov Ağdam səfərində Xıdırlı kəndinin təməlqoyma və Ağdam Cümə məscidinin bərpadan sonra açılışı  mərasimlərində iştirak ediblər. Həmçinin 2024-cü ildə rayonun  Soltanlı, Nəmirli, Güllücə kəndlərinin  təməlqoyma mərasimində iştirak edən Prezident İlham Əliyev sakinləri əmin edib ki, onlar tezliklə öz doğma Ağdamlarına qayıdacaqlar.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri