BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitiində Azərbaycanın son illərdə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə münasibətlərinin yeni mərhələsindən danışılıb. Bildirilib ki, COP29-a ev sahibliyi edən Azərbaycan, iqlim dəyişiklərinə qarşı qlobal mübarizəsində öz yerini möhkəmləndirmək və kiçik ada dövlətlərinə dəstəyini genişləndirmək üçün mühüm addımlar atır. Bəli, indi inkişaf etməkdə olan kiçik ada dövlətləri iqlim dəyişikliyinin ən ciddi təsirlərinə məruz qalan ərazilərdir. Bu ölkələr qlobal istiləşmənin nəticəsi olaraq su səviyyələrinin artması, quraqlıq və ekstremal hava şəraiti kimi təhlükələrlə üzləşir. Ölkəmizin başçısı çıxışında inkişaf etmiş bütün ölkələrə, o cümlədən müstəmləkə keçmişi olanlara müraciət edərək kiçik ada dövlətlərinin qlobal səhnədə səsinin eşidilməsinin və onlara maddi və texniki dəstək göstərilməsinin vacibliyini xatırladıb.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Sammitdəki çıxışında ölkəmiz tərəfindən kiçik ada dövlətlərinə edilən yardım proqramları barədə də məlumat verib. Bildirib ki, Azərbaycan iqlim dəyişikliklərinin təsirinə məruz qalan kiçik ada dövlətlərinə bir çox layihə və proqramlarla dəstəyini nümayiş etdirib. Dövlətimiz bir sıra kiçik ada ölkələrinə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq məqsədilə yardım göstərib, su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək verib. Həmçinin belə təşəbbüslərə əlavə olaraq ondan çox kiçik ada dövlətindən olan vətəndaşlar Azərbaycanın universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramlarından yararlanıblar. Xüsusilə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə 80-dən çox ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Təbii ki, Azərbaycan dövlətinin fəaliyyəti həm beynəlxalq səviyyədə, həm də regional müstəvidə ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm tərəfdaş kimi tanınmasına yardımçı olub.
Ölkəmizin başçısı sözügedən çıxışında COP29 çərçivəsində görülən işlər və Baham Adaları, Tonqa və Tuvalu ilə əməkdaşlıqdan da bəhs edib. Bu ilin mayında COP29 ilə bağlı planları müzakirə etmək üçün Baham adaları, Tonqa və Tuvalu rəhbərləri Azərbaycana səfərlər etdilər. Dövlət rəhbərimizin çıxışında önəmli məsələlərdən biri də kiçik ada dövlətlərində ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün «Azərkosmos» peyk məlumatlarından istifadə etmək məqsədilə Azərbaycanın Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalaması olub. Bununla yanaşı, Azərbaycan bu ölkələrdəki birgə layihələri dəstəkləmək üçün 10 milyon ABŞ dolları vəsait ayırıb və bununla da, ətraf mühitin qorunmasına daha bir töfhə verib.
Karib və Sakit Okean regionundakı dəniz ərazilərinin çətinlikləri barədə danışan Prezident İlham Əliyev bildirib ki, Fransanın və Niderlandın buradakı müstəmləkəçilik siyasəti ekoloji vəziyyəti daha da pisləşdirir. Bəzi hallarda bu icmaların səsi onların metropoliya dövlətləri tərəfindən susdurulur, bu da onların öz müstəqilliklərini və hüquqlarını qorumaq yolunda maneələrlə üzləşməsinə səbəb olur. Lakin Avropa Komissiyası, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası Fransa müstəmləkələrində baş verən insan hüquqları pozuntularına göz yummuşdur.
Dövlətimizin rəhbərinin məlum Sammitdəki çıxışı bir daha təsdiqlədi ki, ölkəmiz iqlim dəyişikliyi ilə mübarizədə öz liderdir və bundan sonra da həssas və zəif ölkələrə dəstək göstərmək əzmini davam etdirəcək.
Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri