18 noyabr 2024 18:20
272

COP29-a ev sahibliyi edən Azərbaycan bir daha bütün dünyaya nümunə oldu

Bakıda keçirilən COP29 sammiti və tədbir çərçivəsində təşkil edilən panel iclaslar Azərbaycanın qlobal miqyaslı bu mötəbər tədbirə hədsiz dərəcədə peşəkar və mütəşəkkil hazırlıqlığını nümayiş etdirməkdədir. Əvvəlki COP sammitlərindən fərqli olaraq Bakı zirvə görüşləri qızğın müzakirələr, geniş məsləhətləşmələr və diskusiyalar formatında davam etməkdədir.

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin bəyan etdiyi kimi 200 ölkənin yekdil qərarı ilə Azərbaycana bu ali səviyyəli tədbirə ev sahibliyi etmək fürsəti verildikdən sonra ölkəmiz dünya liderlərini, beynəlxalq təşkilatları, transmilli şirkətləri və planetimizin müxtəlif sahələrdə uğur qazanmış insanlarını bir araya gətirmək üçün bütün imkanları ilə çalışıb. İndiyə qədər respublikamız ona həvalə edilmiş bütün beynəlxalq tədbirlərə məsuliyyətlə və nümunəvi hesab edilən tərzdə ev sahibliyi edib.

Açılış nitqində Azərbaycanın qazandığı uğurları həzm edə bilməyən qüvvələrə, beynəlxalq nüfuzumuza kölgə salmaq istəyənlərə cənab İlham Əliyev sərrast və tutarlı mesaj verməklə onların çirkin oyunlarını ifşa etdi. “Hər dəfə Azərbaycanda mötəbər tədbirlərin, beynəlxalq konfransların, idman yarışlarının keçirildiyi ərəfədə bəzi dairələr tərəfindən ölkəmizə qarşı böhtan və qarayaxma kampaniyalarının aparılmasının şahidi oluruq. Düz bir ildir ki, COP29-la bağlı da Qərb mediasında və bəzi platformalarda anti-Azərbaycan kampaniyası aparılır. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, paytaxtımızda keçirilən COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Ancaq hər dəfə də onların bu arzuları həyata keçməmiş, ürəklərində qalır”.

Azərbaycanda COP29-a yüksək təşkilatçılıqla öz nümunəvi modelini dünya birliyinə təqdim etməklə, hər zaman üzərinə düşən öhdəliyə vicdanla və peşəkarlıqla yanaşdığını göstərir. Ölkəmiz Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkə kimi müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpüləri salır. Eyni zamanda, dövlətimizin təşəbbüskarı olduğu meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.

Azərbaycan hazırda COP prinsiplərində əsas ana hədəflərdən biri olan bərpaolunan enerjinin istehsalı və tədarükü istiqamətində yorulmaz fəaliyyət göstərir, qitələri birləşdirəcək yaşıl yol salır. 20 ildən artıqdır ki, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, hazırda 10 ölkənin dayanıqlı qaz təchizatında həlledici təminatçıya çevrilmiş ölkəmiz dünyanın müasir gündəliyində ön plana çıxmış “yaşıl enerji” kəmərinin çəkilişində də ənənəvi liderliyini nümayiş etdirir. Qlobal bazarlarda karbohidrogen tədarükünün alternativ enerji növlərinə transformasiyası və növbəti onilliklər ərzində ehtimal edilən neft istehlakının azalması fonunda Azərbaycan ənənəvi enerjini kompensasiya edə biləcək “yaşıl enerji” potensialını qlobal bazarlara çıxarmağa hazırlaşır.

Prezident İlham Əliyevin Liderlər Sammitində bəyan etdiyi kimi, hazırda inşasına hazırlıq görülən “yaşıl dəhlizlər”in işə düşməsi ölkəmizin Avropaya “yaşıl enerji”ni ixrac etməsinə imkan verəcək. Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi Azərbaycanın yaşıl potensialının ilk nümunələri olmaqla dörd giqavat enerjinin ixracını təmin edəcək. “Lakin bu, yalnız başlanğıcdır. Yaşıl gündəliyimiz, həmçinin Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Beləliklə, Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib və bu, ərazimizin, demək olar ki, dörddəbir hissəsidir”.

Ölkəmizin təşəbbüskarlığı sayəsində Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan birgə layihəsi olan “Xəzər-Qara dəniz - Avropa Yaşıl Enerji Dəhlizi” (“Qara dəniz kabeli”) formalaşmaqdadır. Həmçinin, iki qardaş ölkənin bərpaolunan enerji xətti kimi rəsmiləşmiş “Azərbaycan-Türkiyə-Avropa” enerji dəhlizi qurulmaqdadır. COP29 çərçivəsində dövlətlərarası sazişlə təsdiqlənən Azərbaycan, Qazaxıstan və Özbəkistanın birgə yaşıl hədəfi kimi “Mərkəzi Asiya-Xəzər” enerji dəhlizinin bünövrəsi qoyulub. Dövlət başçının vurğuladığı kimi, “Biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik”.

Beləliklə,  “Mərkəzi Asiya - Azərbaycan Yaşıl Enerji Dəhlizi”, “Xəzər - Qara dəniz - Avropa” və “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizləri ilə əlaqələnən nəhəng vahid “yaşıl enerji platforması”nın mühüm həlqəsi kimi görünür.

Azərbaycanın hər 3 dəhlizi reallaşdırması və inteqrasiyası sayəsində yeni Şərq-Qərb enerji bloku - “Yaşıl Enerji Platforması” formalaşacaq. Bu isə uzun illər karbohidrogen təchizatçısı kimi Avropa ölkələrinin enerji təhlükəsizliyində strateji rol alan Azərbaycanı yeni onillikdə etibarlı ixracatçı və nəqledici kimi “yaşıl dəhliz”lərin müəllifinə çevirəcək.

COP29-un mühüm uğurlarından biri başlandığı ilk gündəcə dünya iqlim ailəsinin illərdir həll edə bilmədiyi karbon krediti bazarı üçün BMT-nin yeni qaydalarının qəbul edilməsinə nail olmasıdır. Sammit müasir iqlim hərəkatına başqa möhürlərini də vurmaqdadır.

Sammitin ilk 3 günündə Azərbaycan hökuməti ilə xarici ölkələr və onların nüfuzlu şirkətləri, beynəlxalq təşkilatlar arasında tarixi sazişlər imzalandı. Dövlət başçıları səviyyəsində Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsinə dair Saziş, habelə Azərbaycan və Bolqarıstan arasında enerji üzrə Birgə İnkişaf Sazişi, eləcə də SOCAR, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanın “ACWA Power” şirkətləri arasında Xəzərdə külək enerjisi istehsalı üzrə Anlaşma Memorandumu, CAREC ölkələr arasında Tərəfdaşlığa dair Bakı Bəyannaməsi, Çin şirkətləri ilə “SOCAR Green” arasında icra müqaviləsi və digər mühüm sənədlər imzalandı ki, bütün bunlar qlobal iqlim təhlükəsizliyinə xidmət edir.

Bir sözlə, Azərbaycan dünya ölkələrinin iqlim niyyətləri və məqsədlərini həyata keçirmələri üzrə mühüm platforma olmaqla yanaşı, ekoloji hədəflərin reallaşmasının konsepsiyasını və yol xəritəsini müəyyənləşdirir, iqlim dəyişmələri ilə mübarizə sahəsində mühüm töhfəsini verir.

Ramid Namazov,
​Milli Məclisin deputatı