Viran qoyulan bu ecazkar diyarın Gülüstana çevrilməsi bir daha göstərir ki, biz vəhşi ermənilərdən fərqli olaraq qurub- yaradan, gözəllik bəxş edən xalqıq
Noyabrın 20-si Ağdam Şəhəri Günüdür. Həmin gün igidlər oylağı Ağdamın işğaldan azad edildiyi müqəddəs gündür. Rayonun azadlığa qovuşmasından dörd il ötür. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 2023-cü ilin iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Qürürverici haldır ki, ölkəmizin Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib. Azad olunan hər bir kənd isə növbəti yaşayış məntəqəsindən düşmənin qovulması üçün strateji mövqeyə çevrilib.
Azərbaycan Ordusunun hər gün qələbə qazanması işğalçı dövlətin həm ordusunda, həm də əhalisi arasında böyük qorxu yaradıb. Bununla da təşvişə düşən erməni hərbçiləri döyüş meydanından və ya ordudan qaçmaqla canlarını qurtarmağa çalışıblar. Azərbaycanın işğal olunmuş torpaqlarının böyük hissəsi 44 günlük döyüşlər nəticəsində azadlığına qovuşub. Ağdam düşmən tərəfindən bütünlüklə minalandığından, Ermənistanın işğalçı qoşunlarının əsas hissəsi bu istiqamətdə cəmləşdiyindən və ən möhkəm istehkamların burada quraşdırıldığından Azərbaycan Ordusu hərbi taktika işlədərək bu istiqamətdə geniş döyüş əməliyyatları aparmayıb. Çünki ordumuz bu istiqamətdən hücuma keçsəydi xeyli itki verə bilərdi. Bu isə Qələbəyə gedən yolda müəyyən çətinliklər yarada bilərdi. Buna baxmayaraq, düşmən ordumuzu ilk olaraq məhz bu istiqamətdən gözləyib. Amma Azərbaycan Ordusu o zamankı təmas xəttinin Ağdam istisna olmaqla, digər bütün əraziləri boyunca irəliləyərək döyüş əməliyyatlarını davam etdirib.
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində düşmənin Ağdamdakı qüvvələri yarımmühasirə vəziyyətinə düşüb. Bu da Ermənistan daxilində və bu ölkənin hərbi-siyasi rəhbərliyi arasında böyük çaxnaşmanın yaranmasına səbəb olub. Ən nəhayət, Azərbaycan Ordusunun gücü və qüdrətinin qarşısında tab gətirməyin mümkün olmadığını, həm canlı qüvvə, həm də hərbi texnika sarıdan xeyli itkilərə məruz qaldığını dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur olub. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib. Həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb. Məhz həmin ilin noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində olublar. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli Bayrağını qaldırıb.
«Ağdam» sözü qədim türk dilində «kiçik qala» deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağ xanı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada «Ağdam» – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir;
Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, «misdaş» dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Cənubir Qafqazda ən zəngin abidələri olan yerlərdən biri olmuşdur;
Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.
1993-cü ilin 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da «işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması» tələb edildi. Artıq dəfn edilmiş ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından da bu hücum qətiyyətlə pislənmiş, işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir. Lakin Ermənistan tərəfi beynəlxalq qərarlara tabe olmaqdan yayındı. Ermənistan işğal dövründə Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmə aparılması Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir. Qeyl d edək ki.işğal dövründə ən çox vəhşicəsinə dağıdılmış şəhər Ağdam olmuşdur. Hətta buranı «ruhlar şəhəri» də adlandırırdılar. Hətta Ağdamı «Qafqazın Xirosiması» da adlandırırdılar.
Azərbaycanda Ağdam Şəhəri Günü artıq ikinci dəfədir ki, qeyd ediləcəkdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev hələ işğaldan azad edilən Ağdama ilk səfərində demişdir: «Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.» Ölkə başçısı bu vədinə də sadiq qaldı. Belə ki, postmüharibə dövründə Prezident İlham Əliyevin tapşırığı və qayğısı ilə Ağdam yenidən qurulur. 2021-ci ilin 28 may tarixində Ağdamın Baş planı təsdiq olundu və şəhər bu plana uyğun bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri davam edir. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. Ağdamda aparılan tikinti- quruculuq işləri ilə davamlı maraqlanan Prezident İlham Əliyev və birinci xanımt Mehriban Əliyeva ilə 2020-ci ilin noyabrında ilk olaraq dağılmış Ağdam məscidini ziyarət ediblər. Dövlət başçısı 2021-ci ilin mayın 28-də isə Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma, o cümlədən Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi, Ağdam şəhərində ilk yaşayış binasının təməlqoyma, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimlərində iştirak edib. Cənab İlham Əliyev 2022-ci ilin fevralın 13-də isə Ağdam Sənaye Parkında iki müəssisənin, «Park Forest Hotel Ağdam» mehmanxanasının, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimlərində iştirak edib. Həmçinin Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksi ilə tanış olub.
Həmin ilin oktyabrın 4- də Ağdama səfər edən ölkə başçısı Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olub. Həmçinin Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı kəndinin, Kəngərli kəndinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, «City Hotel Agdam» mehmanxanasının, növbəti yaşayış məhəlləsinin, dəmir yolu və avtovağzal kompleksinin, Sarıcalı kəndinin təməlqoyma və Xurşidbanu Natəvanın abidəsinin açılış mərasiminlərində iştirak edib.
Ağdamda infrastruktur obyektlərin açılışını da prioritet məsələ hesab edən Prezident İlham Əliyev məhz 2023-cü ilin dekabrın 24-də özünün doğum günündə «AzərEnerji» Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq «Ağdam» qovşaq yarımstansiyasının açılışında, Ağdam şəhərində salınacaq dördüncü və beşinci yaşayış kompleklərinin, Ağdam şəhər Mərkəzi parkının, rayonun Qiyaslı kəndinin, Baş Qərvənd kəndinin təməlqoyma və Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimlərində iştirak edib. Həmin ilin aprelin 25 –də isə dövlətimizin başçısı İlham Əliyev və Qırğızıstan Prezidenti Sadir Japarov Ağdam səfərində Xıdırlı kəndinin təməlqoyma və Ağdam Cümə məscidinin bərpadan sonra açılışı mərasimlərində iştirak ediblər. Bir ay sonra isə daha bir neçə kəndin- Soltanlı, Nəmirli Güllücə kəndlərinin təməlqoyma mərasimində iştirak edən Prezident İlham Əliyev sakinləri əmin edib ki, onlar tezliklə öz doğma kəndlərinə qayıdacaqlar.
Dövlət başçısı sentyabrın 19-da isə rayonun Eyvazxanbəyli kəndinin təməlini qoymaqla bərabər, Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub. Həmçinin yeni zavodların və Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra, «Aghdam City Hotel»in açılışdarında iştirak edib. Bu, hələ Prezident İlham Əliyevin iştirak etdiyi açılışların tam siyahısı deyildir. Əslində, ölkə Prezidentinin viran qalmış Ağdamın yerində müasir və gözəl bir şəhərin salınması tarixi Zəfərimiz qədər önəmlidir. Tezliklə Ağdam doğma insanların nəfəsi ilə isinəcəkdir. Bir sözlə, biz düşmənlərimizin viran qoyduğu torpaqları abadlaşdırmaqla bir daha dünyaya göstəririk ki, ermənilərdən fərqli olaraq biz qurub- yaradan, gözəllik bəxş edən xalqıq.
Elçin Zaman, «İki sahil»