Ölkəmizdə həyata keçirilən hüquqi islahatlar çərçivəsində cəzaların icrası işinin səmərəliliyinin artırılması, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində olub. Cəzaların icrasının müasir dövrün tələblərinə uyğun qurulması, texnoloji vasitələrin tətbiqi və bu sahədəki mühüm dəyişikliklər Penitensiar Xidmətin fəaliyyətinin təkmilləşdirilməsində əsas amillərdəndir.
Buna görə də penitensiar müəssisələrdə peşə təhsilinin inkişafı, yerli əmək bazarının tələblərinə uyğun ixtisaslı işçi qüvvəsinin hazırlanması zərurətə çevrilib. Prezident İlham Əliyevin 2024-cü il 11 sentyabr tarixli “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamı bu sahədə mühüm addım kimi önəm kəsb edir.
Sərəncam cəzaçəkmə müəssisələrində keyfiyyətli peşə təhsilinin həyata keçirilməsini, cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmış şəxslərin sosial adaptasiyasının asanlaşdırılmasını və əmək bazarının ixtisaslı işçi qüvvəsinə olan tələbatını davamlı təmin etməyi hədəfləyir. Adətən əksər məhkumlar heç bir peşəyə yiyələnməmiş olurlar, bu isə onların iş tapmaq imkanlarını məhdudlaşdırır. Cəzaçəkmə müəssisələrində peşə təhsilinin inkişaf etdirilməsi təcrübəsi bir çox dünya ölkələrində geniş şəkildə istifadə olunur və geniş tədris proqramları ilə dəstəklənir.
Cəzaçəkmə müəssisələrində peşə təhsili proqramları, dülgərlik, texniki bacarıqlar, aşbazlıq və sənətkarlıq kimi praktiki sahələrdə məhkumlara yeni bacarıqlar qazandırır, nəticədə bu şəxslərin gələcəkdə iş tapmaq imkanını artırır. Ümumiyyətlə, məhkumların peşə bacarıqlarına cəlb olunması vacib məsələdir. Məhz sözügedən Sərəncam da cəzaçəkmə müəssisələrində keyfiyyətli peşə təhsilinin həyata keçirilməsini nəzərdə tutur. Bu, onların islah olunduqdan sonra əmək bazarına daxil olmalarına, eyni zamanda, keçmişdəki səhvlərdən dərs çıxarmalarına kömək edəcək.
Təbii ki, insan üçün ən böyük cəza azadlıqdan məhrum edilməsidir. Hər hansı şəxs törətdiyi cinayətə adekvat olaraq məhkəmənin hökmü ilə hansısa şəkildə azadlıqdan məhrum edilirsə, məhkumluq həyatı yaşayırsa, bu, onun digər həyati istəklərindən məhrum edilməsi anlamına gəlmir. Buna görə də məhkumların müəyyən peşələrə yiyələnmələri müsbət haldır. Bu, onlarda həm özünə inam yaradır, həm də gələcəyə. Məhkumluq həyatı bitdikdən sonra şəxs hansısa bir işlə məşğul ola biləcəyini bilir. Dövlətimiz də məkumların cəmiyyətə yenidən qayıdışını dəstəkləmək üçün müxtəlif tədbir və proqramlar həyata keçirir. Hesab edirik ki, istər “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam, istərsə də digər tədbirlərin təşkili məhkumlarda həyata bağlılıq hissini artıracaq və onların dünyaya daha müsbət baxmasını təmin edəcəkdir.
Araşdırmalar göstərir ki, ictimai faydalı əməklə məşğul olan məhkumlar arasında yenidən cinayət törətmə halları digərləri ilə müqayisədə daha azdır. Bu sahədə dünya təcrübəsinə də nəzər salsaq peşə təhsili, əsas ümumtəhsil fənləri və həyat bacarıqları üzrə təlimlərin geniş tətbiq olunduğunu görərik. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların sosial reabilitasiyasının təkmilləşdirilmək, və onların müxtəlif peşə kurslarına cəlb olunması istiqamətində işlər uğurla icra olunur.
Vurğulamaq lazımdır ki, Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində istehsalat sahəsi 2011-ci ilin iyun ayında yaradılıb və ilk peşə kursları 2013-cü ildə təşkil edilib. 2016- cı ilin əvvələrində isə cəzaçəkmə müəssisəsində yeni yaradıcılıq və istehsalat binası istifadəyə verilib. Hazırda cəzaçəkmə müəssisələrində məhkumlara müxtəlif peşə sahələri öyrədilir. Məqsəd məhkumların azadlığa çıxdıqdan sonra cəmiyyətə daha tez adaptasiya olunmalarına şərait yaratmaq və onlara öz həyatlarını təmin etmək üçün lazımi bacarıqları qazandırmaqdır.
Bu günədək müxtəlif peşə sahələri üzrə 245 nəfər məhkum kurslara cəlb olunaraq müvafiq sertifikatlarla təmin edilib. Bu, öz növbəsində, onların peşə bacarıqları əldə etmələrinə, həmçinin cəmiyyətdə daha məhsuldar fərdlər olmalarına imkan yaradır. Təsadüfi deyil ki, muxtar respublikada məhkumların ictimai faydalı əməyə cəlb edilməsi onlar üçün maddi, mənəvi-psixoloji əhəmiyyət daşımaqla yanaşı, eyni zamanda, islah olunmalarında və cəmiyyətə faydalı vətəndaş kimi qayıtmalarında da mühüm rol oynayır.
Məhkumların daşduz, ağac üzərində oyma, əl ilə toxuma və tikmə və s. işlərin satışı məqsədilə “Naxçıvanqala”da mağaza da fəaliyyət göstərməkdədir. Bundan əlavə, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin istehsalat sahəsində hazırlanan əl işləri yalnız muxtar respublikada keçirilən müxtəlif sərgilərdə, festivallarda deyil, eyni zamanda, ölkə səviyyəsində təşkil olunan tədbirlərdə də nümayiş olunur. Xüsusilə qeyd etmək lazımdır ki, ölkəmizin indiyədək ev sahibliyi etdiyi ən irimiqyaslı tədbir olan COP29 konfransının xüsusi məkanı “Yaşıl Zona”da məhkumların Naxçıvan duzundan hazırladıqları, ekoloji cəhətdən faydalı olan əl işləri nümayiş olunub və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Bütün bunlar məhkumların məşğuliyyətinin təmin edilməsi və onların islah olunmasına aparan yoldur. Çünki əməyin insanın islahında, onun fiziki, zehni və mənəvi baxımdan davranışlarının normaya salınmasında əhəmiyyəti danılmazdır.
İradə Quliyeva,
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı,
I dərəcəli ədliyyə qulluqçusu