18 noyabr 2024 12:06
194

Azərbaycana böyük hörmətin və etimadın nümayişi

Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Tarixi Zəfərimizdən sonra bu məsələ aktuallığı ilə diqqətdədir.

Ölkəmizdə bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Ötən il BƏƏ-nin Masdar şirkəti regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcək. Azərbaycan 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırır. Lakin bu, tam planlarımızın hamısı deyil. 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb.

Dövlət başçısı İlham Əliyev bu reallıqları noyabrın 12-də keçirilən COP29-un Liderlər Sammitində diqqətə çatdırdı. Həmçinin bildirdi ki, ölkəmiz ixrac  bazarlarına diqqət yetirir və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışır. Bu, ölkəmizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı dörd giqavatdır. Yaşıl gündəliyimiz Azərbaycanın müxtəlif bölgələrini əhatə edir.  Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib.

İşğaldan azad edilən ərazilərimizdə inşa və bərpaolunan yarımstansiya, su elektrik stansiyalarının sayı artırılır. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 12 ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal edəcək su elektrik stansiyalarının tikintisi davam edir. Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsi  məqsədilə həyata keçirdiyi islahatlar öz müsbət nəticəsini verir. Mötəbər tədbirin-COP29-un Azərbaycanda keçirilməsi bir daha təsdiq edir ki, ölkəmiz dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirir, iqlim dəyişmələrinin yaratdığı problemlərin həllinə töhfələri təqdirəlayiqdir.

COP29 Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayacaq. Dövlət başçısı İlham Əliyev Liderlər Sammitində bu reallığı xüsusi qeyd etdi ki, qonaqlarımızın çoxu Azərbaycana ilk dəfədir  səfər edir. Onların ölkəmizlə daha yaxından tanış olmaq, onun tarixini, ənənələrini və mədəniyyətini öyrənmək imkanı olacaq. Ölkə Prezidenti, eyni zamanda, çıxışında 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarından bəhs etdi. Bildirdi ki,  Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq,  özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dörd il öncə İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik. Bir il əvvəl BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik. Həmin qətnamələri özümüz icra etdik. Beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq. COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək.

Dövlətimizin başçısı İlham Əliyev noyabrın 13-də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində də bildirdi ki, Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. İnkişaf etmiş bütün ölkələr, xüsusən də müstəmləkə keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər.

İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Xəzər dənizi ilbəil daha da dayazlaşır, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir. Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Azərbaycan fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərib. Ölkəmiz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək verib.  Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik.  Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Samir Qocayev,
​YAP Goranboy rayon təşkilatının sədri