16 noyabr 2024 12:26
249

Müstəmləkə siyasəti Fransanın vicdanında yara izini dərinləşdirir

Müzəffər Liderimiz “bağ-cəngəllik” epiteti vasitəsilə neo-forma qazandırılmağa çalışan ideyaları kif atmış siyasətçilərin əməlləri ilə ifşa etdi

Fransanın müstəmləkəçilik təcrübəsi, irsi siyasi və akademik dairələrdə davamlı, bəzən qızğın söhbət mövzusu olaraq qalır, süni “frankafoniya” epiteti ətrafında mülahizələr qrupu toplanır. Bu mülahizələrin nəticəsi isə qrupda sanki sadəcə Fransa və Ermənistanın qaldığından xəbər verir. Hər-halda belə olmasaydı Fransa və Ermənistan drijor çubuğu ilə tullanıb-düşməzdi. Səlis siyasət isə soyuq yanaşma tələb edir. Sanki Qərb dairələrinin təcrid siyasəti öz başlarında “çatlayır”. Emmanuel Makron Fransa Respublikasının prezidenti seçilməsi ilə müstəmləkəçi sələflərindən seçilmədən hətta ən sərt mövqe tutanlara heyrətamiz şəkildə bənzəməklə müstəmləkə siyasəti ilə bağlı müzakirələri yeni ərazilərə sıçratdı, Frankofoniya daxilində əlaqələri yenidən formalaşdırmaq və dərinləşdirməyə çalışdı, orta əsrlərin qul ticarəti üzərində formalaşan kolonializm siyasəti yeni bir sima qazanaraq neokolonializmə doğru daha sürətli addımlarla irəliləməyə başladı. Məhz elə buna görə də kiçik ada dövlətlərinə qarşı tutulan mövqe Fransanın, bu siyasətə biganə qalan kəslərin vicdanında yara izini dərinləşdirir. Təəssüflər olsun ki, bu dairələr qloballaşma çərxini çoxları üçün deyil, özləri, öz maraqları üçün çevirir. Fransanın fələyinin çərxini tərs çevirmək kimi cəsarətli addımı isə Azərbaycan, onun Müzəffər Lideri atır, bu çirkin siyasəti unutmamağın, diqqətdə saxlamağın önəmini böyük kürsülər vasitəsilə çatdırır. Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti çərçivəsində Azərbaycan Liderinin hər bir sözü, mesajı tam yerində verilmiş reaksiyadır. Ona görə reaksiya ki, bizə qarşı cinah açan qüvvələr məhz Azərbaycanın uğurlarını gözü götürməyən dairələrdir. Dövlət başçımız bağ-bağat, cəngəllik epiteti vasitəsilə neo forma qazandırılmağa çalışan ideyaları kif atmış siyasətçilərin əməlləri ilə ifşa etdi. 

Emmanuel Makronun siyasəti müstəmləkəçilikdən sonrakı döngənin kəskin siyasətinə uyğundur. Kiçik ada dövlətlərinin bir küncündə böyüməyə məcbur edilən gənclər Fransanın neokolonial irsinin dəyişmədiyini gördükcə “France Dégage!”—“France, Get Out! şüarlarını daha gur səsləndirir. Kiçik ada dövlətləri sadəcə təbii fəlakət qarşısında zəif deyil, onlar həm də Fransa fəlakəti ilə hələ də üz-üzədirlər. Artan dəniz səviyyəsi, artan Fransa istibdadı, kəskin hava şəraiti kəskin fransız reaksiyası, biomüxtəlifliyin pozulması isə yerli xalqların milli adət-ənənələrin bilərəkdən assimilyasiyaya uğradılması ilə sanki paralel şəkildə addımlayır. Dekolonizasiya prosesi yubadılmamalı, insan hüquqları pozulmamalı, kiçik ada dövlətlərinin taleyi ilə bağlı göz oxşayan simvolik təşəbbüslər deyil, əməli addımlar atılmalıdır. Azərbaycan qarşı cinaha xas, bizə isə uzaq olan siyasi riyakarlıqdan kənar məhz bu addımları atmağa, kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcək. 

Şəbnəm HƏSƏNOVA
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq