16 noyabr 2024 11:32
129

COP29 çərçivəsində “Neft və qaz sənayesində dekarbonizasiyanın sürətləndirilməsi” mövzusunda tədbir keçirilib

15 noyabr 2024-cü il tarixində COP29 çərçivəsində “Mavi Zona”da “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın (OGDC) təşkilatçılığı və SOCAR-ın dəstəyi ilə “Neft və qaz sənayesində dekarbonizasiyanın sürətləndirilməsi” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə SOCAR Qrup, “TotalEnergies” şirkətlərinin rəhbər şəxsləri, Ətraf Mühitin Mühafizəsi Fondunun (EDF) və digər maraqlı tərəflərin nümayəndələri iştirak ediblər.

“OGDC” xartiyasının icraçı direktoru Julien Perezin moderatorluğu ilə keçirilən tədbirdə SOCAR-ın prezidenti Rövşən Nəcəf, “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyane və EDF şirkətinin prezidenti Fred Krupp iştirak ediblər

Tədbirdə “OGDC” xartiyasının nümayəndəsi təqdimatla çıxış edərək, xartiyanın məqsədləri, üzv təşkilatların sayı, dekarbonizasiya sahəsində onların əldə etdiyi nailiyyətlər, bu istiqamətdə qarşıda duran məqsədlər və onlara çatmaq üçün strateji hədəflər haqqında ətraflı məlumat verib.

Daha sonra “OGDC” xartiyasına üzv şirkətlərin COP28-dən ötən dövr ərzində emissiyaların azaldılması sahəsində əldə etdikləri nailiyyətlər, dekarbonizasiya üçün strateji prioritetlər, növbəti illər üçün hədəflər, əməkdaşlıq və innovasiya, habelə bu sahədə mövcud çətinliklər haqqında fikir mübadiləsi aparılıb.

Müzakirələrdə metan emissiyalarının azaldılmasının qlobal iqlim dəyişmələri baxımından xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb.  “OGDC” çərçivəsində həyata keçirilən fəaliyyətlərin emissiyaların azaldılması ilə bağlı qlobal səylərin birləşdirilməsinə, iqlim dəyişmələrinə təsirlərin azaldılmasına, habelə daha dayanıqlı ekoloji həllərin tətbiq edilməsinə mühüm töhfə verəcəyi qeyd edilib.