16 noyabr 2024 08:08
177

Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 41-ci ildönümü münasibətilə bayram tədbirləri keçirilib

Lefkoşada Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 41-ci ildönümü münasibətilə bayram tədbirləri keçirilib.

“İki sahil” xəbər verir ki, bayram tədbirləri çərçivəsində Lefkoşada Fazıl Küçük bulvarında parad keçirilib. Paradı fəxri qonaqlar tribunasından ŞKTC Prezidenti Ersin Tatar, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, millət vəkilləri, yüksək rütbəli hərbçilər, siyasi partiyaların nümayəndələri və başqaları izləyiblər.

Paradda çıxış edən Prezident Ersin Tatar, Türk Kipri xalqının yeganə arzusunun “Şərqi Aralıq dənizinin kritik əhəmiyyətli bölgəsində inamlı inkişaf, təhlükəsizlik və sülh” olduğunu bildirib.

Dövlət başçısı ŞKTC-nı Türk dünyasının ayrılmaz hissəsi adlandırıb. “Müstəqillik yolunda qətiyyətlə irəliləyən ŞKTC Türk dünyasının Aralıq dənizindəki “pəncərəsi” olaraq qalacaq”, - deyə vurğulayıb.

Bayram tədbirlərinin qonaqları arasında Azərbaycandan olan nümayəndə heyəti də olub.

ŞKTC-nin Baş naziri Ünal Üstel bir müddət əvvəl Milli Məclisin ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin siyasətini yüksək qiymətləndirib.

“Biz Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi dövlət statusumuzla fəxr edirik. Bu qərar Türkiyə və Azərbaycan liderlərinin səyləri nəticəsində qəbul edilib”, - deyən ŞKTC Baş naziri Azərbaycanla əlaqələrin yüksək səviyyəsindən xüsusi məmnunluğunu ifadə edib.