Energetika İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində əməkdaşlığın ən vacib sahələrindən biri olaraq qalır.
“İki sahil” xəbər verir ki, bunu təşkilatın baş katibi Əsəd Məcid Xan COP29 çərçivəsində ECO-UNIDO Təmiz Enerji Mərkəzinin açılışında bildirib.
"Son bir neçə il ərzində biz dayanıqlı enerji keçidini enerji gündəliyimizə daxil etməyə xüsusi diqqət yetirmişik. Biz ayrı-ayrı üzv ölkələrin bu keçidi həyata keçirmək əzmini görməkdən məmnunuq. UNIDO ilə birlikdə Bakıda Təmiz Enerji Mərkəzinin yaradılması İƏT-də kollektiv iradəmizin mühüm təzahürüdür", - o qeyd edib.
Baş katib əlavə edib ki, bu layihənin əsas məqsədi dövlətlərin müasir, ucuz, etibarlı və davamlı enerji xidmətlərinə çıxışını genişləndirmək, həmçinin enerji təhlükəsizliyini təmin etmək və energetikaya mənfi təsirləri azaltmaqdır.
Mərkəzin açılış mərasimi Mavi zonada yerləşən Azərbaycan pavilyonunda keçirilib.