14 noyabr 2024 22:30
275

“Haber Global” Azərbaycan Prezidentinin ekoloji çirklənməyə görə Parisi tənqid etdiyi çıxışı işıqlandırıb - VİDEO

“Haber Global” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin dənizaşırı ərazilərdə ciddi ekoloji çirklənməyə görə Fransanı sərt tənqid etdiyi çıxışını işıqlandırıb.

“İki sahil” xəbər verir ki, telekanal dövlət başçısının çıxışı barədə süjet hazırlayıb.

Süjetdə diqqətə çatdırılıb ki, Bakıda keçirilən COP29 sammitində Prezident İlham Əliyev Fransanı ekologiyaya ciddi ziyan vurmaqda ittiham edib, Polineziya adalarında radiasiya və kimyəvi çirklənmənin Fransanın nüvə sınaqlarının nəticəsi olduğunu vurğulayıb.

Telekanal qeyd edib ki, Azərbaycan liderinin Fransanın bu ekoloji pozuntulara görə məsuliyyət daşıdığını bildirməsi beynəlxalq nümayəndələr arasında geniş rezonans doğurub.

“Haber Global”, xüsusilə Prezidentin Fransanın müstəmləkə dövründə Əlcəzairdə də nüvə sınaqları keçirdiyini, ekologiya və iqlimə ciddi ziyan vurduğunu bildirən bəyanatını vurğulayıb. Telekanal xəbər verib ki, dövlət başçısı Fransanın bu hərəkətlərinin beynəlxalq ictimaiyyət tərəfindən lazımi şəkildə pislənməməsi məsələsini qaldırıb.

Bundan əlavə, “Haber Global” İlham Əliyevin Yeni Kaledoniyada baş vermiş son hadisələrə diqqət çəkdiyini vurğulayıb. Dövlət başçısı xatırladıb ki, Avropa, bu hadisənin miqyasına baxmayaraq, onu pisləməyib.

“Haber Global” telekanalı həmçinin dövlət başçısının Avropa İttifaqını və onun ikili standartlar siyasətini tənqid etməsinə diqqət çəkib. İlham Əliyevin sözlərinə görə, Josep Borrellin Avropanın “bağ”, qalan dünyanın isə “cəngəllik” olması barədə fikirləri digər ölkələrə qarşı etinasız münasibətin nümunəsidir. “Haber Global” qeyd edib ki, Azərbaycan Prezidenti Avropa İttifaqını müstəqil dövlətlərin daxili işlərinə müdaxilədən çəkinməyə, onların suverenliyinə və ekoloji problemlərinə hörmətlə yanaşmağa çağırıb.