10 ildən çox müddətdə müzakirələrin aparılmasına baxmayaraq, Paris Sazişinin karbon bazarları üzrə prinsipial xarakter daşıyan 6-cı maddəsi ilə bağlı indiyədək irəliləyişlər əldə olunmamışdır. Ancaq noyabrın 11-də, yəni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasının ilk günündə 20 saata yaxın davam edən danışıqlardan sonra bununla əlaqədar müvafiq irəliləyişlərə, daha doğrusu, karbon kreditlərinin yaradılması üzrə standartlar barədə razılığa gəliblər.
Ekspertlərin fikrincə, bu, karbon kreditlərinə tələbatı artırmaqla iqlim fəaliyyətinə imkan yaradacaq və beynəlxalq karbon bazarının BMT-nin nəzarəti altında fəaliyyət göstərməsini təmin edəcək. Bir sözlə, COP29 Sədrliyi ölkələrin bu maddə üzrə karbon ticarətindən faydalanmalarını təşviq edəcək, beləliklə, ölkələr bu vasitənin potensial faydalarını həyata keçirə biləcəklər. Bəli, COP29-dan əsas gözləntilərdən biri elə bu idi. Prezident İlham Əliyev noyabrın 12-də Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşündə bunu müsbət addım kimi qiymətləndirib.
Şübhəsiz, dünyanın qarşılaşdığı iqlim problemlərini aradan qaldırmaq üçün kifayət qədər maliyyə tələb olunur. Hələ 2015-ci ildə Paris sazişini imzalayan tərəflər öhdəlik götürdülər ki, 2020-ci ilə kimi inkişaf etməkdə olan ölkələrdə bu sahəyə ayrılacaq vəsait 100 milyard dollar həcmində olacaq. Təəssüf hissi ilə qeyd edək ki, hər il COP tədbiri keçirilsə də, dünyanın hegemon dövlətləri bəşəriyyəti təhdid edən problemin aradan qaldırılmasına bir çox halda biganə qalırlar. Görünən mənzərə ondan xəbər verir ki, hər kəs qlobal problemdən danışsa da, çox az ölkə bu istiqamətdə iş aparır, hətta bəziləri götürdükləri öhdəliyə əməl etmirlər. Azərbaycan isə şübhəsiz, hər zaman olduğu kimi, bu dəfə də öz missiyasını ləyaqətlə yerinə yetirir. Şübhəsiz, COP29-da bu rəqəmə yenidən baxılır. Çünki iqlim böhranı və onun dağıdıcı nəticələri bütün dünyada insanlar üçün ciddi təhlükədir. Bunu aradan qaldırmaq üçün mənada maliyyə əsas məsələsidir.
Konsensusa nail olmaq mümkündür
Bu mənada COP29-da qlobal istiləşmənin mümkün qədər 1,5 dərəcə hədəfinə nail olmaq üçün lazım olan iqlim maliyyələşdirməsi bütün maraqlı tərəflərlə daha ciddi müzakirə edilir. Hətta belə bir məsələ ortaya qoyulub ki, hökumətlərdən tutmuş özəl sektora kimi, eləcə də beynəlxalq maliyyə institutları ədalətli və iddialı iqlim maliyyələşməsi üçün töhfə verməlidirlər. Üstəlik, vurğulanır ki, beynəlxalq ictimaiyyət dünyanın gələcəyini xilas etmək üçün kollektiv iqlim fəaliyyətlərini dəstəkləməli, yaşıl iqlim hədəfləri istiqamətində səylər birləşdirilməlidir. Bunun üçün, həmçinin qlobal maliyyə arxitekturası da yaradılmalı, yeni maliyyə resursları iqlim maliyyələşməsinə yönəldilməlidir. Artıq beynəlxalq maliyyə korporasiyaları və bank strukturlarının açıqlamaları var ki, iqlim dəyişiklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracaqlar. Təkcə bir faktı xatırladaq ki, Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdıracağını bildirib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib ki, Avropa İttifaqı 31 milyard dollar iqlim maliyyələşdirməsinə hazırdır: "Bu, bizim payımıza düşəndən çoxdur, hamını bizdən nümunə götürməyə çağırırıq”. İtaliyanın Baş naziri Giorgia Meloni isə Bakıda bildirib ki, konsensusa nail olmaq inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlar arasında məsuliyyətlərin bölüşdürülməsini və fərqlərin aradan qaldırılmasını tələb edir. İtaliya Afrika üçün İqlim Fonduna 4 milyard dollardan çox vəsait ayırır. Biz həmçinin yaşıl iqlimi və zərər və ziyan fondlarını dəstəkləyirik. Qalıq yanacaq təchizatı üçün vahid alternativ yoxdur. ÜDM-in artımı qlobal miqyasda enerji istehlakını artırır. Biz enerji forumunu geosiyasi silahdan geniş şəkildə əlçatan resursa çevirə bilərik. COP-un uğurlu və ya uğursuz olması bizdən asılıdır. Şübhəsi, bütun bunlar da COP29-un uğur hekayətlərindən biridir.
Xatırladaq ki, alimlərin xəbərdarlıqlarına görə, əgər dünya 2030-cu ilə qədər istixana qazı emissiyalarını azalda bilməsə, istiləşmə sürəti 1,5°C həddini keçə bilər. Bu, ətraf mühitin dönməz şəkildə məhv edilməsi deməkdir. Şübhəsiz, dünyada həlli mümkün olmayan məsələ yoxdur. Əsas bu həllə istiqamətlənib, doğru variantı seçməkdir. Bu mənada demək olar ki, COP29 bu seçimin də öhdəsindən gəlməyi bacaracaq. İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
O ki qaldı COP29-un iştirakçılarının təəssüratlarına… Dünyanın 75 ölkəsində 90-a yaxın layihəyə dəstək verən Hans Zaydel Fondunun müşahidəçisi Hyunah Çoi deyib ki, Bakıda təşkil olunan COP29-da iştirak etmək çox gözəl və rahatdır: “2019-cu ildən ayrı-ayrı vaxtlarda iştirak etdiyim son COP tədbirləri ilə müqayisədə bura çox yaxşıdır".
Bir məqamı da vurğulayaq ki, COP29-da 196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçibi, onların arasında 80 prezident, vitse-prezident, baş nazirlər də vardır. Bu mötəbər tədbirdə Türkiyə, Macarıstan, Britaniya, İtaliya, Belorus, İspaniya, Belçika, Danimarka, Finlandiya, Polşa, Yunanıstan, Çexiya, Xorvatiya, Serbiya və digər ölkələrin rəhbərlərinin, Avropa İttifaqı Şurasının prezidentinin iştirakı isə onların COP29-un timsalında ölkəmizə olan etimadını bir daha təsdiq edir. Bütün bunlar isə dünyanın yaşıl gündəliyinə mühüm töhfə, riyakar dairələrə isə böyük siyasi zərbə oldu. Elə bu səbəbdən bu faktı da COP29-un uğur hekayətlrəindən biri kimi dəyərləndirmək olar. Bu hekayət isə hələ davam etməkdədir.
Qvami Məhəbbətoğlu, “İki sahil”