13 noyabr 2024 13:26
252

COP29-un sədri kimi Azərbaycan yaşıl keçidin güclü carçısı olacaq

Paytaxt Bakı yenidən dünyanın diqqət mərkəzindədir. Qlobal iqtisadi layihələrin reallaşdığı, Avropanın enerji xəritəsinin cızıldığı Azərbaycanda bu dəfə dünya liderləri iqlim fəlakətlərindən xilas yollarını axtarırlar. İlk növbədə onu qeyd edək ki, dünyanın ən mötəbər tədbiri olan COP29-un məhz Bakıda keçirilməsi haqqında qərarın verilməsi ölkəmizə və onun liderinə göstərilən yüksək ehtiramın nəticəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.

Beləliklə, tarixi an baş verdi. Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirildi. Prezident İlham Əliyev ənənəvi olaraq açılış mərasimindəki çıxışında mühüm mesajlarla dünya gündəminin diqqət mərkəzinə düşdü. Dövlət başçısı, ilk növbədə, 196 ölkənin COP29-un Bakıda keçirilməsi ilə bağlı yekdil qərarının Azərbaycana hörmət əlaməti və beynəlxalq aləmdə fəal rolumuzun qiymətləndirilməsi olduğunu vurğuladı. Heç kimə sirr deyil ki, Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə seçilməsi ilə paralel olaraq Bakı koordinasiyalı qarayaxma kampaniyasının hədəfinə çevrildi. Bunun fonunda özlərini müstəqil adlandıran bir sıra QHT və siyasətçilər Azərbaycan haqqında daha çox dezinformasiya yaymaq üçün bir-biri ilə rəqabət apardılar. Cənab İlham Əliyev çıxışında xarici mediadan, beynəlxalq strukturlardan, belə deyək, “vətəndaş” birliklərdən bəzi qüvvələrin, əslində, müstəqil olmadığını çox aydın şəkildə qeyd etməklə bildirdi ki, rəsmi Bakı istənilən anti-Azərbaycan təxribatlarına, o cümlədən dünya geosiyasətinin ideoloji aspektlərinə hazırdır. Ona görə də istənilən sahədə, istər diplomatik, istər siyasi-iqtisadi, istər hərbi, istərsə də mədəni-tarixi sahədə Bakıdan həmişə dərhal əhəmiyyətli cavab gəlir. Üstəlik, azərbaycanofoblara ciddi reaksiya ölkədə müəyyən böyük forumların uğurla keçirilməsi prizmasından keçir. Bu da qərəzli qüvvələrin səylərini mənasızlaşdırır.

Ümumiyyətlə, bu vəziyyət bizim üçün yeni deyil. Məsələn, “Avroviziya-2012” mahnı müsabiqəsində və “Bakı-2015” Birinci Avropa Oyunlarında, eləcə də digər böyük beynəlxalq tədbirlərin keçirilməsi ərəfəsində və sonra Azərbaycan bədnam qüvvələrin qarayaxma kampaniyası ilə üzləşmişdi. Lakin Azərbaycan bu tədbirlərin hər birini yüksək səviyyədə keçirməklə bütün şər və böhtanlara layiqli cavab vermişdi. Prezident İlham Əliyev BMT-nin mötəbər tədbirində Azərbaycana qarşı köklənən qüvvələrə bir daha layiqli cavab verərək ölkəmizə qarşı belə oyunların mənasız olduğunu bir daha diqqətə çatdırdı.

Bədxah qüvvələrin gözlədiyinin əksinə olaraq, dünya Bakıya toplandı, 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçı boykot tərəfdarlarını məyus etdi.

Prezident COP29 tribunasından ölkəmizin iqtisadi qüdrətindən danışaraq bəyan etdi ki, beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Eyni zamanda, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerjinin inkişafı, Günəş və külək enerjisi layihələri ilə bağlı fəal işlər gedir. Bütövlükdə, yaşıl enerji istehsalı ölkəmizin enerji strategiyasının əsas istiqamətlərindən biridir.

Azərbaycan Prezidenti məzmunlu çıxışında ölkələrə verilən meyarlara da toxundu. Dövlət başçısı nitqində Azərbaycanın bir çox iqtisadi parametrlərə görə yüksək nəticələrə malik olduğunu bildirərək xüsusi qeyd etdi ki, Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməməlidir. Təbii sərvətlərin insanlara lazım olduğunu vurğulayan cənab İlham Əliyev çıxışında bəyan etdi ki, COP29-un sədri kimi Azərbaycan yaşıl keçidin güclü carçısı olacaq.

Beləliklə, COP29-un Liderlər Sammitinin açılış mərasimində nəyi, necə, nə vaxt etmək lazım olduğunu yaxşı bilən Prezident İlham Əliyev yaşıl gündəliyi ilə qlobal səylərə töhfələr verən ölkəmizin uğurlarını həzm edə bilməyən Qərbin yalan xəbərlər tirajlayan media ittihamçılarına, boykotçulara yerini göstərdi. Dövlətimizin başçısı, həmçinin onu sübut etdi ki, Azərbaycan yalnız iqlim fəsadları və onun yaşatdığı problemlərin deyil, həm də ikili standartlar siyasətinin qurbanına çevrilmiş ölkələrin, xalqların, bir sözlə bəşər övladının taleyindən narahatdır. Dünyanı iqlim dəyişmələri ilə paralel, ikili siyasətin fəsadlarından da qorumağın vaxtı çatıb. Bəşəriyyət COP29-dan həm də bu qətiyyəti gözləyir.

Rəşad Mahmudov,
​Milli Məclisin deputatı