12 noyabr 2024 14:05
242

İqlim dəyişikliyinin kiçik ada dövlətləri üçün yaratdığı problemlər COP29-u prioritetləri arasındadır - ŞƏRH

Kiçik ada dövlətlərinin maliyyə dəstəyinə ehtiyacı var, amma... 

Hazırda qlobal iqlim dəyişiklikləri bütün dünyanı təhdid edir. Karib hövzəsində, Afrikada, Hind okeanında, Aralıq dənizində, Cənubi Çin dənizində və Sakit okeanda yerləşən kiçik ada dövlətlərində isə vəziyyət daha ciddidir. Hətta bəzi ada dövlətlərinin ərazilərinin yarıdan çoxunun su altında qalacağı proqnozlaşdırılıb. Bu mənada demək olar ki, kiçik ada dövlətləri iqlim dəyişmələrinin nəticələrinin ilk qurbanları ola bilər.  Halbuki kiçik ada dövlətlərinin qlobal istixana qazlarına təsirləri bir faizdən azdır. Ancaq bu dövlətlər yaratmadıqları problem nəticəsində öz ölkələrini itirmək təhlükəsi ilə üz-üzədir. 

Prezident İlham Əliyev  çıxışlarının birində bu məqama toxunaraq deyib: “İnkişaf etməkdə olan kiçik ada dövlətləri iqlim dəyişikliyinin təsirlərinə daha həssasdır. İqlim dəyişikliyinə heç bir təsiri olmayan bu ölkələr onun ən pis fəsadlarına məruz qalır, hətta ekzistensial təhlükə ilə üzləşirlər. İqlim dəyişikliyi onların Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində irəliləyişinə də mane olur. COP29-a sədrliyimiz zamanı iqlim dəyişikliyinin inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün yaratdığı problemlərin həlli prioritetlərimiz arasında olacaq. Biz Bakıda keçiriləcək COP29 zamanı inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə toplantısını keçirməyi planlaşdırırıq”. 

Bəli, həmin ölkələri təhdid edən məsələlər Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında   (COP29) da diqqət mərkəzindədir. Hətta Azərbaycan 33 inkişaf etməkdə olan kiçik ada dövlətinin təmsil olunduğu Millətlər Birliyi, o cümlədən digər beynəlxalq qurumlar vasitəsilə texniki yardım proqramları üçün vəsait də ayırmağı, daha doğrusu, xüsusi fond yaratmağı da nəzərdə tutub. Bu isə o deməkdir ki, bəzi Qərb ölkələrindən fərqli olaraq, rəsmi Bakı inkişaf etməkdə olan kiçik ada dövlətlərinin səslərinin yüksək və aydın eşidilməsini də  təmin etmək niyyətindədir. 

İqlim dəyişikliyinə uyğunlaşmaq üçün bu ölkələrə maliyyə resursları lazımdır. Bütün kiçik ada dövlətlərinin maliyyə dəstəyinə ehtiyacı var. Amma qeyd edək ki,  hər il COP tədbiri keçirilsə də, dünyanın hegemon dövlətləri bəşəriyyəti təhdid edən problemin aradan qaldırılmasına  halda biganə qalırlar. Görünən mənzərə ondan xəbər  verir ki, hər kəs qlobal problemdən danışsa da, çox az ölkə bu istiqamətdə iş aparır, hətta bəziləri götürdükləri öhdəliyə əməl etmirlər. Azərbaycan bu istiqamətdə də dönüş yaratmaq niyyətindədir. Bu mötəbər tədbirdə iştirak etməyə gəlmiş həmin ölkələrin rəsmiləri ölkəmizin buna nail olacağına da əmindirlər. Məsələn, noyabrın 10-da COP29-da iştirak etmək məqsədilə ölkəmizə gəlmiş San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada  Prezident İlham Əliyevlə  görüşündə bu tədbirin dünyanın, o cümlədən kiçik ada dövlətlərinin üzləşdiyi iqlim dəyişmələri ilə bağlı problemlərin həllinə töhfə verəcəyini əminliklə dilə gətirib. Bu görüşdə Azərbaycanın "Commonwealth" təşkilatı vasitəsilə kiçik ada dövlətlərinə maliyyə dəstəyi verdiyini deyən Prezident İlham Əliyev vurğulayıb ki, iqlim dəyişmələrinin kiçik ada dövlətlərinə təsirinə dair məlumatın Azərkosmos vasitəsilə toplanması və təhlil edilməsi ilə bağlı bu ölkələrə ayrıca dəstək göstəriləcək. Qonaq, həmçinin  COP-da kiçik ada dövlətlərinin problemlərinə xüsusi qayğı və diqqət göstərilməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, Azərbaycanın bu məsələdə də liderlik rolu nümayiş etdirdiyini vurğulayıb. Bütün bunlar bir daha təsdiq edir ki, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Azərbaycanın xarici siyasətinin gündəliyində prioritet istiqamətlərdən biridir.

Yeri gəlmişkən qeyd edək ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizə üzrə qlobal səylərin önündə gedib və bu məsələ ilə bağlı BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. “Düşünürük ki, kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur” deyən Prezident İlham Əliyev peyvənd millətçiliyinə qarşı çıxış edərək bütün ölkələr üçün vaksinlərə ədalətli və universal əlçatanlığı təşviq edib. Pandemiya zamanı Azərbaycan, həmçinin 80-dən çox ölkəyə, o cümlədən 20-yə yaxın İnkişaf etməkdə olan kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Keçən ilin mart ayında isə Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyadan sonrakı bərpanı dəstəkləmək üçün fəaliyyətə Qlobal çağırış elan edib. Bu çağırışla beynəlxalq ictimaiyyəti pandemiyanın sosial-iqtisadi nəticələrinin aradan qaldırılması üçün inkişaf etməkdə olan kiçik ada dövlətlərinə maliyyə yardımı və birbaşa iqtisadi dəstək göstərməyə dəvət edilib. Azərbaycan bu çağırışa vəsait ayıran ilk ölkə olub. 

Qvami Məhəbbətoğlu, “İki sahil”