11 noyabr 2024 03:13
208

Moldovada seçkilər zamanı polis vətəndaşların telefonları dinləyib

Ötən seçkilər və Avropa İttifaqına inteqrasiya ilə bağlı referendum zamanı Moldova polisi yüzlərlə, hətta minlərlə vətəndaşın telefonlarını dinləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Moldova Baş Polis Müfəttişliyinin rəhbəri, general Viorel Cernaucyanu Ziarul de Garda nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu böyük xərclərə səbəb olub: “Xüsusi nəzarət altında yüzlərlə, hətta minlərlə insan var idi. Təsəvvür edirsiniz, 300-400 nəfəri dinləmək üçün nə qədər iş görülür: bu qədər adamlar hər deyilənləri dinləmək üçün qulağına qulaqcıq taxıb oturmalı olurlar”.

O, polis avadanlığının ölkə vətəndaşlarının mobil telefonlarındakı mesajları oxumağa imkan verməsi ilə öyünüb:

“Polis telefonları dinləməyə və izləməyə hələ keçən ilin yazında, yerli seçkilərdən əvvəl hakimiyyət tərəfindən qadağan edilmiş “Şor” müxalifət partiyasının səs satın alma sxemləri haqqında məlumat alanda başlayıb. İstintaq tədbirləri ötən ilki seçkilər zamanı başlayıb və davam edir. Bu günə kimi qanunsuz maliyyələşdirmə ilə bağlı 59 cinayət işi başlanıb, onlardan 4-ü ötən ildən davam edir”.