10 noyabr 2024 18:45
230

Üçtərəfli Bəyanatın imzalanması Ermənistanın kapitulyasiyasını rəsmiləşdirdi

Azərbaycanın vətən müharibəsində qazandığı qələbənin təsdiqi üçtərəfli Bəyanatın imzalanması oldu. Bu, həm də Ermənistanın kapitulyasiya aktı idi. Müzəffər Ali Baş Komandan, Aprel döyüşlərindən sonra bildirmişdi ki, Azərbaycan ordusu qısa zamanda işğalçı qüvvələri darmadağın edib, ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir. Qələbə isə dörd il sonra oldu.

Bu sözləri “İki sahil”ə açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, şanlı qələbəmiz illər keçdikcə daha çox tədqiq ediləcək. Məhz Azərbaycan Prezidentinin müdrik siyasəti, qəbul etdiyi mühim qərarlar bizə qələbə qazandırdı.

Doğrudan da, 3 rayonun bir güllə belə atılmadan azad edilməsi böyük uğurdur. Məsələn, Ağdam rayonu istiqamətində düşmən çox güclü müdafiə təşkil etmiş, mina sahələri və fortifikasiya qurğuları ilə zənginləşdirmişdir. Düşmən bizi həmin istiqamətdən gözləyirdi. Laçın döyüşlər üçün çətin relyefli ərazi idi. Kəlbəcər rayonu böyük bir ərazini əhatə edən dağ rayonudur. Əlbəttə, burda da çox çətin, itkilərlə nəticələnə biləcək döyüşlər gözlənilirdi. Ancaq cənab prezidentin apardığı müdrik siyasətin nəticəsində Ermənistanın məğlubiyyətinin təstiqi olan və həmin rayonların bir güllə atılmadan azad edilməsini təmin edən üçtərəfli Bəyanat imzalandı. Düşünürəm ki, sülh müqaviləsi, demarkasiya prosesi və Zəngəzur dəhlizinin açılması məsələsinə də nail olacağıq.

Hərbi ekspert bildirdi ki, üçtərəfli bəyanatın böyük siyasi əhəmiyyəti var. Bu Bəyanat Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində imzalanan tarixi sənəddir.

Səbinə Kazımova,

“İki sahil”