Qətər rəhbərliyi münaqişə tərəflərinin onu başa çatdırmaq istəyinin olmaması səbəbindən Qəzza zolağında atəşkəsin əldə edilməsinə yönəlmiş vasitəçilik səylərini dayandırmağı qərara alıb.
“İki sahil” xəbər verir ki, bu barədə əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari sosial şəbəkədə bildirib. “Qətərin HƏMAS və İsrail arasında vasitəçi kimi səyləri hazırda dayandırılıb”, – bəyanatda deyilir. Onun sözlərinə görə, “10 gün əvvəl, razılaşma əldə etmək üçün son cəhdlər zamanı Qətər danışıqlar tərəflərinə məlumat verib ki, əgər bu məsləhətləşmələr raundunda razılaşma əldə edilməzsə, HƏMAS və İsrail arasında vasitəçi kimi səylərini dayandıracaq və bu amansız müharibənin dayandırılması üçün lazım olan ciddi əhval-ruhiyyə olduqda tərəfdaşlarla səylərini bərpa edəcək”.