25 noyabr 2024 08:04
83

Bu ölkədə 26 milyon insan aclıq həddindədir

Hazırda Konqo Demokratik Respublikasında (KDR) təxminən 26 milyon insan aclıq həddində yaşayır.

“İki sahil” xəbər verir ki, bu barədə Konqonun Okapi radiostansiyası BMT-nin ixtisaslaşmış qurumlarından olan və İnteqrasiya edilmiş Ərzaq Təhlükəsizliyi Təsnifatını (IPC) aparan ekspert qrupunun hesablamalarına istinadən məlumat verib.

Radio stansiyası qeyd edib ki, 26 milyondan təxminən 3 milyonu kəskin ərzaq çatışmazlığından əziyyət çəkir. Mütəxəssislər KDR-in bəzi bölgələrində ərzaq təhlükəsizliyinin olmamasının səbəbləri kimi üsyançıların fəaliyyətini və hərbi əməliyyatlardan irəli gələn zorakılığı, ərzaq qiymətlərinin artmasını, qaçqın və məcburi köçkünlərin ərzaqla təmin edilməsində çətinlikləri göstərirlər.

IPC təsnifatı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (WFP) və BMT-nin Uşaq Fondu (UNICEF) mütəxəssisləri tərəfindən hazırlanıb. Bu, inkişaf etməkdə olan ölkələrdə ərzaq təhlükəsizliyi vəziyyətinin göstəricisi kimi çoxsaylı beynəlxalq təşkilatlar və xidmətlər tərəfindən tanınır. Təsnifat minimal ərzaq çatışmazlığından fəlakətli aclığa qədər beş səviyyədən ibarətdir.