Seçilmiş prezident Donald Tramp bəyan edib ki, nə BMT-dəki keçmiş ABŞ səfiri Nikki Heylini, nə də keçmiş dövlət katibi Mayk Pompeonu öz administrasiyasına dəvət etmək niyyətində deyil.
“İki sahil” xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkədə bildirib. “Hazırda formalaşan administrasiyama nə keçmiş səfir Nikki Heylini, nə də keçmiş dövlət katibi Mayk Pompeonu dəvət etməyəcəyəm”, – o, “Truth Social”da yazıb. Həm Heyli, həm də Pompeo Donald Trampın ilk prezidentlik müddətində Amerika administrasiyasında işləyiblər.
Xatırladaq ki, respublikaçı Tramp noyabrın 5-də keçirilmiş prezident seçkilərində rəqibi – demokratların nümayəndəsi Kamala Harrisi məğlub edib. Bundan əlavə, respublikaçılar ABŞ Konqresinin Senatını öz nəzarətlərinə götürə biliblər. Onlar həmçinin Nümayəndələr Palatasında çoxluq əldə edə bilərlər. Harris 2021-ci ilin yanvarından vitse-prezident vəzifəsini icra edir. Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək.