09 noyabr 2024 19:48
150

Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş respublika elmi-praktiki konfransı başa çatıb

ETN İnformasiya Texnologiyaları İnstitutunda “Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri” mövzusunda Respublika elmi-praktiki konfransının bağlanış mərasimi keçirildi.

“İki sahil” xəbər verir ki,  tədbirdə seksiya iclaslarının sədrləri və katibləri çıxış edərək 60-a yaxın məruzənin dinlənildiyi konfransın geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, yaşıl və rəqəmsal transformasiyalar sahəsində mövcud problemlərin həlli üçün yeni imkanların təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.

Bağlanış mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev bugünkü konfransın 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsinin müvafiq dövlət qurumları qarşısında mühüm vəzifələrdən irəli gələrək təşkil olunduğunu diqqətə çatdırdı.

Alim konfransın seksiya iclaslarında COP29-un çağırışları kontekstində yaşıl iqtisadiyyata keçid və iqlim dəyişiklikləri problemlərinin həllində yaşıl və rəqəmsal texnologiyalar, o cümlədən yaşıl iqtisadiyyatın formalaşmasında süni intellekt, Əşyaların İnterneti, 3D çap texnologiyaları, ekoloji problemlər və İKT, radiasiya təhlükəsizliyi və yaşıl cəmiyyət, yaşıl enerji və smart texnologiyalar və s. kimi əhəmiyyətli problemlərin həlli ilə bağlı təqdim olunan məruzələrdə mühüm nəticələrin əldə olunduğunu bildirdi.

AMEA-nın vitse-prezidenti seksiya iclaslarında dinlənilən məruzələri yüksək qiymətləndirərək, konfransda yaşıl və rəqəmsal transformasiyaların aktual problemlərinə həsr olunmuş müzakirələrin aparıldığını vurğuladı. Akademik R.Əliquliyev bugünkü konfransın yaşıl və rəqəmsal transformasiyaların elmi-nəzəri problemlərinin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

İnstitutun baş direktoru bugünkü konfransı müvafiq ali təhsil müəssisələri və elmi-tədqiqat institutları ilə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirdi.