09 noyabr 2024 10:22
383

Türk dövlətlərinin əbədi qardaşlığı

Türkdilli ölkələr qədim və zəngin dövlətçiliyə malik, tarixi  ənənələri qoruyub saxlayan, yaşadan və ona hörmətlə yanaşan dövlətlərdir. Azərbaycan Respublikası türkdilli ölkələr içərisində yüksək nüfuza, böyük hörmət və ehtirama malik olan dövlətdir. Azərbaycan xalqı öz canı, qanı, ruhu ilə hər zaman qardaş türkdilli dövlətlərin yanındadır. Torpaqlarımızın azadlığı uğrunda apardığımız 44 günlük Vətən müharibəsinin hər saatında və hər dəqiqəsində qardaş türk dövlətlərinin siyasi, mənəvi dəstəyini yaxından hiss etdik. Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər sözdə yox, əməldə Azərbaycanın yanında oldular. Çünki türk dövlətlərinin qardaşlığı əbədidir və əbədi olacaq.

Tarixi Zəfərə imza atmaqla öz ərazi bütövlüyünü təmin edən Azərbaycan Respublikası Türk Dövlətləri Təşkilatı kimi mühüm siyasi, iqtisadi, hərbi və mədəni birliyin daha da gücləndirilməsi istiqamətində səylərini artırır. Bu birliyin daha da güclənməsi üçün bütün Türk dünyası dövlətlərinin, müxtəlif ölkələrin tərkibində olan türkdilli muxtar subyektlərin də təşkilata cəlb edilməsi üçün səylərini əsirgəmir. Türk Dövlətləri Təşkilatı heç bir quruma, birliyə və ölkəyə qarşı qurulmuş təşkilat deyil. Bu təşkilat, sadəcə olaraq, Türk dünyasını birləşdirmək, onun inkişafını təmin etmək üçün vasitədir. Çağdaş dünyada gedən proseslərə hakim olmaq, müəyyən qlobal məsələləri həll etmək üçün Türk Dövlətləri Təşkilatının öz fəaliyyət dairəsini genişləndirməsinə ehtiyac var.

`         Azərbaycan Türk Dövlətləri Təşkilatı ilə yanaşı, bu qurumun əlaqəli orqan və qurumları olan TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası ilə də sıx əməkdaşlıq edir və üzv ölkələr arasında elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması və təşviq edilməsi sahəsində aktiv rol oynayır. Təsadüfi deyildir ki, təşkilatın 2012-ci ildə Bişkekdə keçirilmiş İkinci Zirvə görüşündə Azərbaycanın təşəbbüsü ilə yaradılmış Türk Mədəniyyəti və İrsi Fondu 2015-ci il tarixindən etibarən qərargahı Bakı şəhərində yerləşməklə beynəlxalq təşkilat kimi fəaliyyətə başlamışdır.

          Hal-hazırda türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə gedən inteqrasiya prosesləri daha da dərinləşməkdədir. Bu inteqrasiya proseslərinə Azərbaycan dövləti öz töhfələrini verməkdədir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 6 noyabr 2024-cü il tarixində Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündəki çıxışında Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə təşəkkürünü bildirdi. Dövlət başçımız əlavə etdi ki, Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcək. Keçən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyinə namizədliyini yekdilliklə dəstəkləmişdi. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür. Azərbaycan xalqı tam əmindir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 iqlim konfransının işində fəal iştirak edəcəklər. Türk dövlətləri arasında əməkdaşlıq möhkəm, sağlam təməllərə söykənir və xalqlarımızın rifahına xidmət edir.

Ramiz Hüseynov,

YAP Sumqayıt şəhər təşkilatının sədri