Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli məfkurəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq milli mövcudluğumuzun nişanəsi sayılıb.
Müasir Azərbaycan dövlətinin üçrəngli bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. Həmin gün hökumətin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın üçrəngli – mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul olunub. 1920-ci ilin aprel ayınadək üçrəngli bayrağımız rəsmi dövlət rəmzi statusuna malik olub. Həmin ilin aprelində Xalq Cümhuriyyəti süqut etdikdən və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilib.
Müasir müstəqillik və dövlətçilik tariximizdə üçrəngli Azərbaycan bayrağının yenidən ucaldılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, müstəqilliyimizin elan olunmasından bir il əvvəl, hələ sovet hakimiyyətinin mövcud olduğu dövrdə Ulu Öndər Heydər Əliyev böyük cəsarətlə Naxçıvanda üçrəngli Azərbaycan bayrağını ucaltmışdı.
Ulu Öndər Heydər Əliyevin təklifi və təşəbbüsü ilə 1990-cı ilin noyabrında üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan olundu. Həmin qərarda həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxılması və respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin – bayrağın, gerbin, himnin qəbul olunması təklif edildi.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra üçrəngli bayrağımız azadlığımızın və dövlətçiliyimizin əsas rəmzlərindən biri oldu. Bayrağımıza olan dərin sevginin, onun uca tutulmasının göstəricisidir ki, noyabr ayının 9-u – üçrəngli bayrağımızın ilk dəfə Cümhuriyyət Hökumətinin iclasında qəbul edildiyi gün Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu tarixin təqvimə Dövlət Bayrağı Günü kimi həkk olunması Prezident İlham Əliyevin dövlətçilik ənənələrimizə və tariximzə olan dərin ehtiramının nümunəsidir. Bəli, o ehtiramın, o sevginin sayəsində bu gün biz bir xalq olaraq ən qürurlu, ən şanlı günlər yaşayırıq. Alnımız açıq, başımız dik gəzirik. “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir.
Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə milli-mənəvi dəyərlərə və ümümbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir” deyən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu bizim milli ləyaqətimizi bərpa etdi. Bayrağımızın bu ilki günündə üç boyalı müqəddəs Azərbaycan Bayrağı ilk dəfədir ki, layiq olduğu bütün yüksəkliklərdə dalğalanır. Şuşada.
Şuşada, Laçında, Xankəndidə və digər işğaldan azad edilmişVətən torpağında dalğalanaraq rənginə yeni təravət qatan bayrağımızı gördükcə düşünürəm ki, üzümüzə gələn hər gün bizim Bayrağımızın günüdür!
Elvin Əlizadə,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi