08 noyabr 2024 21:04
311

Şəhidlərimizin qisasını döyüş meydanında aldıq - Kamran Bayramov

Bu gün Azərbaycanın  müasir tarixinə qızıl hərflərlə yazılmış Zəfər bayramını qeyd edirik. Bu gözəl bir gündə möhtərəm cənab Prezident Zəfər parkının açılışını etdi və açılış zamanı da Azərbaycan xalqına müraciət etdi. Bu Qələbənin bu tarixi zəfərin Azərbaycan üçün, xalqımız üçün nə qədər böyük olduğunu, əlamətdar olduğunu bir daha qeyd etdi. İllər boyu həsrətlə gözlədiyimizə və ürəkdən istədiyimizə biz nail olduq. 2020-ci ilin noyabr ayının 8-də Azərbaycan tarixi qələbə qazandı, Zəfər əldə etdi, öz ərazi bütövlüyünü bərpa etdi. Bu Zəfər möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi, ordumuzun qəhrəmanlığı sayəsində reallığa çevrildi.  Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında bildirdi ki, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov  qeyd edib ki, bu tarixi Zəfərdən sonra Cənubi Qafqaz regionunda yeni reallıq yarandı. Azərbaycan ötən ilin sentyabr ayında bütün ərazilərində suverenliyini  tam bərpa etdi. Bu gün Azərbaycan öz müstəqil siyasəti ilə, hərbi qüdrəti ilə, iqtisadi gücü ilə qüdrətli dövlətdir. Təbii ki, bu gözəl gündə biz unutmamalıyıq ki, bu qələbəmizi şəhidlərimizin qanı hesabına qazanmışıq.

Deputat bildirib ki, bu gün azad olunmuş torpaqlarda çox genişmiqyaslı, abadlıq-quruculuq tikinti-bərpa işləri aparılır ki, bizim soydaşlarımız uzun müddətdən sonra öz tarixi torpaqlarına qovuşa bilsin, orda rahatlıqla yaşaya bilsin. Artıq Böyük Qayıdış başlayıb. Həmin torpaqlar Azərbaycanın ən gözəl guşələrindən birinə çevrilir.

Kamran Bayramov qeyd edib ki, heç kim unutmamalıdır ki, Azərbaycan bu gün istənilən təzyiqlərə cavab vermək iqtidarında bir dövlətdir. Bu gün də bəzi dairələr, siyasi təşkilatlar hələ də Azərbaycana qarşı qarayaxma kampaniyaları aparırlar. Bütün bunlara baxmayaraq, Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə öz yolu ilə gedərək müstəqil siyasət həyata keçirir. 

Səbinə Kazımova, “İki sahil”