08 noyabr 2024 09:54
361

Zakir Həsənov: 8 Noyabr – Zəfər Günü Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı

Müdafiə naziri general-polkovnik Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

“İki sahil” xəbər verir ki, təbrikdə ölkəmizin suverenliyinin, müdafiə və təhlükəsizliyinin təminatçısı olan Azərbaycan Ordusunda vahid komandanlığın yaradılmasının, ordumuzun nizami ordu kimi formalaşmasının və hərbi quruculuq məsələlərinin prioritet məsələ kimi önə çəkilməsinin Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımların nəticəsi olduğu bildirilir.

Qeyd olunub ki, Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan nailiyyətlər, uğurlu döyüş əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirdi və 8 Noyabr – Zəfər Günü Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu işğal altında qalmış tarixi torpaqlarımızı azad etdi. Dövlətimizin başçısının müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi.

Bu gün rəşadətli Ordumuz Azərbaycan Respublikasının Dövlət Bayrağının dalğalandığı ərazilərdə bərpa-quruculuq işlərinin yüksək səviyyədə həyata keçirilməsinə, o cümlədən Böyük Qayıdışa layiqli töhfə verir.

“Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini hər zaman olduğu kimi 8 Noyabr – Zəfər Günü ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik. Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daim dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğılarının həlli istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər bu gün də uğurla davam etdirilir. Şəhid hərbi qulluqçularımızın ailə üzvlərini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha hər birinizi 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram”, - deyə təbrikdə vurğulanıb.