07 noyabr 2024 20:37
221

Almaniya Prezidenti üç naziri vəzifəsindən azad edib

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer maliyyə naziri Kristian Lindner, ədliyyə naziri Marko Buşman, təhsil və elmi tədqiqatlar naziri Bettina Ştark-Vatsinqeri vəzifəsindən azad edib.

“İki sahil” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Qeyd olunur ki, hər üç nazir Almaniyanın Azad Demokratlar Partiyasını təmsil edir.

Lindnerin vəzifələrini isə Almaniya Federal Kansleri Administrasiyasının dövlət katibi Yorg Kukis icra edəcək. Nəqliyyat və rəqəmsal infrastruktur naziri Folker Vissing isə Ədliyyə Nazirliyinə başçılıq edəcək.

"Der Spiegel" jurnalının yazdığına görə, hazırkı kənd təsərrüfatı və qida naziri Cem Özdemir ("Yaşıllar") Təhsil və Elmi Tədqiqatlar nazirliyinə rəhbərlik edəcək.

Bildirilir ki, kadr dəyişiklikləri Almaniyada hakim koalisiyanın (Sosial-Demokrat Partiyası, "Yaşıllar" və Azad Demokratlar Partiyası) dağılmasının nəticəsidir. Almaniyada ciddi siyasi böhran koalisiyada büdcə, maliyyə və iqtisadi siyasət məsələlərində fikir ayrılıqları səbəbindən baş verib.