Azərbaycan bu birlik naminə önəmli addımlar atan qüdrətli dövlətdir
Dünən Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 11-ci Zirvə görüşü türkdilli xalqların birliyi üçün yeni hədəflər və istiqamətlər müəyyənləşdirdi. Üzv dövlətlərin rəhbərləri sonuncu Zirvə görüşündən keçən dövr ərzində görülmüş işləri və əldə olunmuş nailiyyətləri qiymətləndirərək təşkilatın inkişaf etdirilməsi və fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Zirvə görüşündə TDT-də müşahidəçi üzv statusuna malik ölkələrin də dövlət və hökumət başçıları iştirak ediblər.
Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyevin ikitərəfli görüşləri də baş tutub. Tədbirdə, eyni zamanda, dövlət başçıları tərəfindən Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşünün Bəyannaməsi də daxil olmaqla bir sıra sənədlər imzalanıb. Zirvə görüşünün sonunda TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçib. Təşkilatın katibliyi İstanbulda yerləşir. TDT yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv və iki müşahidəçi ölkə var.
Bu çox önəmli faktdır ki, İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmiz ölkəmizin nəinki regionda, o cümlədən türk dünyası miqyasında da nüfuzunu artırıb, onu etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevirib. Məhz bu yeni reallıqlar fonunda Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı durmadan artır. Azərbaycan qardaş türk ölkələri ilə birgə yaratdığı TDT-ni öz ailəsi qismində görür və böyük Türk dünyasına mənsub olduğunu qürurla nümayiş etdirir. Dövlətimizin başçısı 2024-cü il fevralın 14-də andiçmə mərasimində çıxışında demişdir: « TDT bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.»
Əslində, Türk dövlətlərini bir-birinə əsrlər boyu mövcud olan tarixi, etnik və dini bağlar bağlayır. Dünyada 200 milyona yaxın türk mənşəli insan yaşayır. Dünya sivilizasiyasına böyük töhfələr vermiş, çoxlu dövlətlər, imperiyalar yaratmış türk xalqları bəşəriyyətə dahi alimlər, mütəfəkkirlər də bəxş edib. Dünyada gedən qloballaşma fonunda Türk xalqlarının öz mədəniyyətini qoruması və etnik köklərini unutmaması çox vacib amildir. Türk dünyası ölkələrinin güclənməsi, nüfuzunun artması Türk dövlətlərinin bir təşkilat altında birləşməsini labüd edirdi.
Azərbaycan türk dünyası birliyinin güclənməsinə mühüm töhfələr verib. Təşkilatın məhz Naxçıvan Sazişi ilə yaradılması bunun bariz göstəricisidir. Məhz bu səbəbdən türk dilli ölkələrinin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündə Türkdilli dövlətlərin xalqları arasındakı tarixi bağlara, ümumi dil, mədəniyyət və ənənələrə əsaslanaraq, hərtərəfli əməkdaşlığın dərinləşməsi ön plana çıxdı. Bununla da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi” imzalandı. Sonralar bu birlik Türk Dövlətləri Təşkilatı adlandırıldı.
Nəzərə çatdıraq ki, Türk Dövlətləri Təşkilatı yarandıqdan sonra qurumun Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul, Səmərqənd olmaqla doqquz Zirvə görüşü keçirilib. 2024-cü ilin iyulun 6-da isə Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü reallaşıb.
TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Bu ölkələrin münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Prezident İlham Əliyev Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündəki çıxışında bildirib: «Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacaq.»
Azərbaycanın türk dünyası ölkələrinin birliyinə böyük töhfəsi isə Orta Dəhliz layihəsidir. Dəhlizin əhatə dairəsi onun 1 trilyon ABŞ dollarından çox ümumi daxili məhsula (ÜDM) malik türk dövlətlərini birləşdirən bir layihə olduğunu deməyə tam əsas verir. Bu gün Azərbaycan Orta Dəhliz layihəsinin əsas təşəbbüskarlarından biridir. Son onilliklər ərzində ölkəmiz dəhlizin inkişafı və səmərəliliyi üçün öz ərazisində zəruri infrastruktur qurub. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Azərbaycan, eyni zamanda, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Ölkəmiz hazırda dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir. Zərurət yaranarsa bu rəqəm 30 milyon tona çatdırılacaq. Bununla da aydın görünür kii, Azərbaycan Şərqdən Qərbə, yəni Mərkəzi Asiyadan Avropaya uzanan marşrutun səmərəliliyinin artırılması üzərində ciddi işləyir ki, bu da TDT-yə üzv dövlətlərin əksəriyyətinin yerləşdiyi coğrafiyadan onların yüklərinin Qərb istiqamətində daha qısa zamanda və daha ucuz çatdırılmasına kömək edəgək.
Respublikamızın TDT-yə üzv və müşahidəçi statusa malik ölkələrlə iqtisadi -ticari əlaqələri də davamlı olaraq genişlənir. Belə ki, 2023-cü ildə Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8 milyard 208 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 23,7 faiz və ya 1 milyard 574 milyon dollar çoxdur. Ümumilikdə, ötən il təşkilata üzv ölkələrlə aparılan idxal-ixrac əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyəsinin 16 faizinə bərabər olub. Eyni zamanda, bu dost və qardaş ölkələr arasında mədəniyyət və təhsil sahəsində də ciddi inteqrasya gedir. Xüsusilə cari ilin sentyabrında Latın qrafikalı, 34 hərfdən ibarət Ortaq Türk Əlifbasının qəbul edilməsi türk xalqlarının linqvistik mirasını qorumaqla yanaşı, onlar arasında qarşılıqlı anlaşmanı, eləcə də əməkdaşlığı daha da inkişaf etdirəcəkdir.
Türk dövlətlərinin güclənməsi, TDT çərçivəsində əməkdaşlığın inkişafı bir sıra xarici qüvvələri qıcıqlandırır. Çünki bu gün dünyada türkofobiyanın artmasını da müşahidə edirik. Bunun ən bariz nümunəsi Ermənistan və Fransada hökm sürən türkofobiyadır. Eyni zamanda, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər ümumən türk dünyasının nüfuzunun artmasına da səbəb olub. Bunu həm də bütün türk dünyasının Zəfəri adlandırırlar. 44 günlük müharibədə türk dövlətlərində sadə insanların, xüsusən sosial şəbəkələr vasitəsilə Azərbaycana rəğbəti aydın hiss olunurdu. 2021-ci ildə təşkilatın İstanbul Zirvə görüşündə Azərbaycan ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə Prezident İlham Əliyev «Türk Dünyasının Ali Ordeni» ilə təltif edilib. Türk Dövlətləri Təşkilatı Azərbaycanın keçmiş münaqişə ilə bağlı haqlı mövqeyini hər zaman dəstəkləyib. Vətən müharibəsi dövründə təşkilatın katibliyi Ermənistan tərəfindən həyata keçirilən təxribatlarla bağlı mütəmadi olaraq bəyanatlar verib.
Elçin Zaman, «İki sahil»