07 noyabr 2024 00:57
235

Ermənistan blokadada. Kimdir günahkar?

Şərdən qondarılan bu dövlət özgələri üçün qazdığı quyulara özü düşür

Bu ölkənin yeganə "nəfəsliyi" Gürcüstan ərazisindən keçib Rusiyaya aparan Yuxarı Lars avtomobil yoludur. Lakin son üç ildə bu yol Rusiya tərəfindən vaxtaşırı Ermənistanın üzünə qapanır. Yuxarı səviyyələrdə bunun səbəbini bilməyən yoxdur. Bildiyimiz kimi, üç ildir ki, bu dövlətin rəhbərləri Rusiyanı düşmən kimi qələmə verir, İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətlərində onu günahkar elan edir, müttəfiqlikdə xəyanətkar adlandırırlar. O vaxdan baş nazir Nikol Paşinyanın komandası erməni cəmiyyətində “günahkara” qarşı kin, nifrət və inamsızlıq hissləri aşılamağa başladı.

Əvvəllər təşkil edilən izdihamlı mitinqlər zamanı Rusiyanın dövlət bayrağını və Prezident Vladimir Putinin portretini ayaqlar altına atıb tapdalayan, sonra yandıran, "günahkar" ölkənin İrəvandakı səfirliyini yumurta atəşinə tutan ermənilər üzlərini Qərbə çevirdilər. O Qərbə ki, Rusiya ilə onilliklər ərzində barışmaz düşmənçilik aparır, onu dövlət kimi subyektlərə parçalamağa çalışır. Bu azmış kimi, Ermənistan iqtidarı həmin dövlətlərin xəfiyyələrini "müşahidəçi" adı altında gətirib ölkəyə doldurub. Bu xəyanətlərin "dirijoru" “həmişə Ermənistanın yanındayıq” deyən Makron Fransasıdır. Müxtəlif mövqelərdə yerləşdirilən xəfiyyələrin və casusların məqsədi Ermənistandakı Rusiya sərhəd qoşunlarının, hərbi hissələrin, 102-ci hərbi bazanın əsgər sayını, silah-sursatla təminatını və digər hərbi sirləri öyrənməkdir. Ermənistanda rus dili sıxışdırılıb, milliyyətcə rus olanlar vəzifələrindən qovulublar. Rus dilində fəaliyyət göstərən məktəblər bağlanıb. Qısaca desək, Ermənistan Rusiyanı özünün bir nömrəli düşməni hesab edir. Bunlara baxmayaraq "noxta"sı hələ də onun əlindədir. Bəzi mühüm sahələrdə ondan qopmaq üçün çıxış yolu axtarsa da, ancaq hələ alternativ variantlar tapa bilmir.  Onlardan biri xaricə çıxışdır. Lakin biri istisna olmaqla tranzit yolların hamısı onun üzünə bağlıdır.

Söhbət Ermənistanın yeganə quru yolu olan "Yuxarı Lars"dan gedir. Gürcüstandan Rusiyaya “Yuxarı Lars” beynəlxalq keçid məntəqəsindən keçən yol yenə də ağır yük maşınları üçün bağlanıb.

Erməni mediası yazır ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vahan Akopyan məlumat verib: “Qar yağması ilə əlaqədar beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib”.

Xatırladaq ki, Rusiya tərəfindən gətirilən "qar yağdı", "uçqun oldu", "sel gəldi" və sair bəhanələr ildə bir neçə dəfə ortaya atılır. Nəticədə Ermənistandan gələn yük maşınları bəzən günlərlə, hətta həftələrlə yollarda qalmalı olurlar. Bunun əsl səbəbini isə yuxarıda göstərdik.

Rusiyaya keçid yalnız minik avtomobilləri üçün açıqdır. Təbii ki, minik maşınları ilə ticarət malları daşımaq mümkün deyil. Qeyd edək ki, “Yuxarı Lars” keçid məntəqəsindən keçən yol hazırda Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoldur. Bu yolun bir neçə gün bağlanması Ermənistan iqtisadiyyatına ağır zərbədir. Çünki elə məhsullar var ki, cəmi bir, ya iki  gün öz keyfiyyətini saxlayır, sonra xarab olub tullantıya çevrilir. Yaş məhsullar isə şaxtalı havaya heç iki gün də davam gətirmir, donvurmadan məhv olur. Hər ağırtonnajlı maşın isə on beş-iyirmi ton yük-yəni, kənd təsərrüfatı məhsulları aparır. Təsəvvürümüzə gətirək ki, hər dəfə yol bağlananda ən azı yüklə dolu 250-300 maşın günlərlə gözləməli olur.

Rusiyada bunu yaxşı bilirlər və yolu qəsdən bağlamaqla Ermənistanı yola gətirməyə, ağıllandırmağa və Qərbdən əl çəkməsinə nail olmağa cəhd göstərirlər. Ancaq Nikol Paşinyan hakimiyyəti asiliyini davam etdirməkdədir. Çünki onun arxasında duran ölkələr və dairələr Ermənistanın Rusiyanın yanına bir daha qayıtmaması üçün əllərindən gələn hər şeyi edirlər.  Ermənistanın blokadada boğulmasının bir səbəbi özüdürsə, ikinci səbəbi isə “ayaqlarının altına daş qoyan Qərb dövlətləri və xüsusilə Fransadır. Hələlik xaricdən axıdılan ianələrin və pul yardımlarının hesabına yaşayan ermənilər ruslara əyilmir və dirsək göstərirlər. Ancaq düşünmürlər ki, bir gün gələr, ianələr, yardımlar kəsilər, onda vay ermənilərin halına. Bizim atalar məsəlində deyildiyi kimi, "Özgənin şamına ümidli olan qaranlıqda qalar." Bir sözlə, Ermənistanın ağılsız rəhbərləri ölkəni dibi görünməyən uçurumun kənarına gətiriblər. Uçuruma yuvarlanmağa bir addım qalır. Allah saxlamasın!

Vəli İlyasov, "İki sahil"