06 noyabr 2024 17:25
321

Vüqar Rəhimzadə: Şuşa Zəfərimizin rəmzi, Qələbəmizin zirvəsidir

44 günlük İkinci Qarabağ müharibəsi XXI əsrin müharibəsi kimi dəyərləndirilir. 44 günün  hər  günü tarixə zəfər günü kimi yazıldı. Düşmənə sarsıdıcı zərbələr endirən Milli Ordumuzun əsgərləri sona qədər gedərək işğalçını torpaqlarımızdan qovdu. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı  Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. 2020-ci il noyabrın 8-də  müzəffər ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı.  Qəhrəman əsgər və zabitlərimiz  sıldırım qayalardan keçərək  düşməni  Qarabağın döyünən qəlbi olan Şuşadan  qovub çıxardı. Xalqımızın  qüdrətinin və  milli qürurumuzun təntənəsinə  çevrilən  bu möhtəşəm  qələbə Prezidient İlham Əliyevin  Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin  əhəmiyyəti nəzərə alınaraq  noyabrın 8-i  Zəfər Günü kimi təsis edildi.  2021-ci ilin 14 yanvar tarixində isə   dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev  Şuşa şəhərində üçrəngli Bayrağımızı ucaltdı.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Vətən müharibəsinin başlandığı andan əsas hədəflərdən biri Şuşanın işğaldan azad edilməsi idi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev  müharibənin gedişi zamanı xarici mətbuata çoxsaylı müsahibələrində “Şuşasız bizim işimiz yarımçıq olar” fikirlərini səsləndirməklə diqqəti bu hədəfimizə yönəltdi. Bu fikirlərin davamı olaraq  noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən isə böyük qürur hissi ilə bəyan etdi ki, mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Ölkə Prezidenti müraciətini bu çağırışla bitirdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa,  biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

   Vüqar Rəhimzadə vurğulayıb ki, tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən addımlar göz qabağındadır. İşğaldan azad edilmiş bütün ərazilərimizə, o cümlədən  azad Şuşaya  yenidən həyat  qayıdır.  Bu qayıdışla Şuşaya yeni  ruh, yeni nəfəs gəlir.  Azadlığına qovuşmuş qədim şəhərimiz  artıq böyük  quruculuq,  bərpa  işləri, möhtəşəm tədbirlər  məkanına çevrilib. Bütün azad edilmiş torpaqlarımız müasir tələblər səviyyəsində yenidən qurulur. Müasir idarəçilik sistemi tətbiq edilir. Prezidentin şəxsi nümayəndəliyi ilk olaraq Şuşada fəaliyyətə başladı. Görülən işlərin səmərəliliyinin artırılmasına xidmət edən təkmil idarəçilik sisteminin uğurları həm bərpa işlərinin miqyasında, həm də bu torpaqlara  sakinlərin mərhələ-mərhələ qayıdışında aydın ifadəsini tapır. Şuşanın əvvəlki simasının özünə qaytarılması üçün mühüm tədbirlər həyata keçirilir. Hər daşının, qayasının altında bir tarix yatan Şuşa bu gün iqtisadi, siyasi, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Şuşa dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı, bütün türk dünyasını bir araya gətirdi. Şuşa möhkəm tarixi köklərə malik olan Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin təsdiqi olan Bəyannamənin imzalanmasına şahidlik etdi.  Şuşa Azərbaycanın, türk dünyasının, bu il isə bütövlükdə İslam dünyasının mədəniyyət paytaxtı elan edildi. Qarabağın tacı Şuşanın ölkəmiz, xalqımız üçün önəmini təsdiqləyən mühüm addımlardan biri də 2021-ci ilin dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında “Şuşa ili” elan edilməsi oldu.

Milli Məclisin deputatı bildirib ki, Qarabağın döyünən ürəyi ilə bağlı xeyli sayda qürurverici addımları sadalaya bilərik. Bircə faktı qeyd etmək kifayətdir ki, bu tarixi şəhərdə müxtəlif mövzularda beynəlxalq tədbirlərin keçirilməsi reallıqlarımızın bu məkandan dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayır. Şuşada “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsinin bərpası da qürurverici hadisələr sırasındadır. Son dörd ildə  görülən işlərin miqyası o qədər genişdir ki, onları sadalamaqla bitməz. Şuşada - Cıdır düzündə Novruz tonqalının alovlandırılması, ötən il “Heydər Əliyev ili” çərçivəsində Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə bağlı Prezident İlham Əliyevin xalqa müraciətini Şuşadan etməsi və sair kimi hadisələri xüsusi vurğulamalıyıq. Müzəffər Ali Baş Komandan İlham Əliyev  Şuşadan 10 may 2023-cü il tarixli  xalqa müraciətində bu çağırışı etdi ki, bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam: “Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi.”

Millət vəkili onu da vurğulayıb ki, artıq düşmən tapdağından  azad edilmiş Şuşanın  yeni inkişaf dövrü başlayıb.  Ötən dörd ildə  Şuşa şəhərində  bir sıra mühüm infrastruktur layihələri  icra olunub.  Bunlardan biri igid oğullarımızın  44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşaya doğru  irəliləyərək açdıqları cığır boyu  avtomobil yolunun salınmasıdır.  Prezident İlham Əliyev bu yolu Zəfər yolu adlandırdı. Dövlətimizin başçısının digər azad edilmiş ərazilərimiz kimi, Şuşaya da hər səfəri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Tarixi və dini abidələrimizin bərpası, yenidən qurulması işlərində Heydər Əliyev Fondunun rolu böyükdür. Bu gün Şuşa sözün əsl mənasında dirçəlir. Bu il mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə şuşalılar doğma yurd-yuvalarına qayıtdılar.  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etdilər və şəhərə köçmüş ilk sakinlərlə görüşdülər. Həmin görüşdə  Prezident İlham Əliyev bir daha bildirdi ki, Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Əgər ermənilər bunu özlərinə, necə deyərlər, doğma şəhər sayırdılarsa Şuşanı quraydılar, yaradaydılar, dağıtmayaydılar. Bir daş daş üstə qoyulmayıb. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.   

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, mədəniyyət paytaxtımız olan Şuşanın dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsini ən önəmli vəzifə kimi qarşıya qoyan, “Demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq və qaldırıldı. Demişdim ki, Şuşasız qələbəmiz yarımçıq olacaq və o vaxt müharibə dövründə bundan artığını deyə bilmirdim. Çünki müharibənin aparılmasının məxfiliyi gözlənilməli idi. Müharibənin ilk günlərindən biz bilirdik ki, hədəfimiz nədir və Şuşaya doğru uğurla irəliləyirdik” söyləyən Prezident İlham Əliyev bildirir ki,  bizim hədəfimiz Şuşa idi, zəfərimiz də Şuşa oldu. Şuşanın azad olunması günü Zəfər Günü elan edildi. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 8 noyabr, eyni zamanda, Şuşa Şəhəri Günüdür. Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən bu addımlar indiki və gələcək nəsillərə bu çağırışı edir: Zəfərimizin qəhrəmanları unudulmamalı, hər kəs onların həyat yolundan vətənpərvərlik məktəbi kimi bəhrələnməlidir.