06 noyabr 2024 13:34
164

Sadır Japarov: Bişkek 2025-ci ildə TDT-nin rəqəmsal paytaxtı olacaq

Bişkek 2025-ci ildə Türk Dövlətləri Təşkilatının (TDT) rəqəmsal paytaxtı olacaq.

“İki sahil” "Report"a istinadla xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov TDT sammitində çıxışı zamanı deyib.

O xatırladıb ki, 2024-cü ilin oktyabrında Bişkekdə TDT-yə üzv dövlətlərin rəqəmsal forumu keçirilib.

"2025-ci ildə Bişkek şəhərinə TDT-nın rəqəmsal paytaxtı statusunun verilməsi layihəsinin imzalanmasına görə minnətdarlığımı bildirmək istəyirəm", - S.Japarov bildirib.

O, həmçinin TDT üzv dövlətləri arasında elektron ticarət sahəsində sazişin imzalanmasını dəstəkləyib və tərəflərin elektron imzaların qarşılıqlı tanınması üzrə mexanizmlərini hazırlamaq istəyini qeyd edib.

Bununla yanaşı, S.Japarov Qırğızıstanın iqtisadi əməkdaşlığa xüsusi diqqət yetirdiyini vurğulayıb: "Son illər respublikanın türk dövlətləri ilə ticarət dövriyyəsi 62 % artıb. Bu nailiyyət onu göstərir ki, biz düzgün istiqamətdə irəliləyirik".

Qırğızıstan dövlət başçısı, həmçinin ticari-iqtisadi əməkdaşlığın inkişafı məqsədilə kapital qoyuluşlarının artırılmasına imkan verən sənədin hazırlanmasına çağırış edib: "Daha dəqiq desək, bu, xidmətlər, maliyyə, rəqəmsallaşma, elektron ticarət, kənd təsərrüfatı, informasiya texnologiyaları, əqli mülkiyyət hüququ, turizm bazarının formalaşması və dəstəklənməsidir".

S.Japarovun sözlərinə görə, üzv dövlətlərin əməkdaşlığı çərçivəsində innovativ texnologiyaların, xüsusilə süni intellektin öyrənilməsinə və texnoloji tərəqqinin stimullaşdırılmasına diqqət yetiriləcək.