06 noyabr 2024 14:24
213

Avropa Komissiyasının zərif rəhbəri kobud məsuliyyətsizlik edir

COP29-a sayılı günlər qalıb. Bu müddətdə Avropa institutlarının davamlı, lakin dayanıqlı olmayan zərbələri ilə üz-üzəyik. Çünki dövlət başçımızın da bildirdiyi kimi bəzi Avropa təsisatlarının davranışlarına qarşı bizdə sanki immunitet formalaşıb. Bu təsisatlar COP ərəfəsində əllərində “soyuq” və “isti” mexanizmlər olmaqla Azərbaycanı divara daha çox necə sıxışdırmağın yolları üzərində baş sındırırlar. Başını bu dəfə başlara qatan zənan xəylağı Ursula fon der Layendir. Xanım Layen COP 29-da iştirak edə bilməyəcəyini öz institusional öhdəlikləri ilə məşğul olacağı ilə əsaslandırır. Hansı öhdəliklərdir ki, hamısı kağız üzərində qalır. Məsələn, Avropa Komissiyasının Avropanın bərabərlik öhdəliyinə riayət etmək siyasətinə baxmayaraq, Komissarlar Kollecinin yeni tərkibində təkcə gender balansı deyil, həm də etnik müxtəliflik də gözə dəymədi. Başqa bir məsələ-bir tərəfdən enerjiyə ehtiyac duyurlar, digər tərəfdən Avropanın maliyyə institutları sözügedən məsələyə maliyyə ayırmır. Yəni, it də səndən, ip də səndən? Üstümüzə zingildədikləri məsələ də “insan haqları”. Zingildətdiklərini də Azərbaycan cəmiyyəti yaxşı tanıyır. 

Məişət səviyyəsizliyindən çıxaq, dönək səviyyəli, qlobal problemlərə. Biz də, bütün dünya da gözünü zilləyib planetimizi ən çox çirkləndirən Avropa İttifaqından yeni iqlim maliyyəsi gözləyir, Aİ isə məsuliyyətdən yayınmaq üçün COP-a gəlmir. Avropa “güzgü effekti” ilə geri çəkilmədən danışdığına effekt vermədən, fon yaratmadan, “Fon”u COP-a göndərməzlik etmədən güzgüyə baxsın. Müxtəlif tədqiqat sorğularının nəticələri göstərir ki, Avropa əhalisi havanın çirklənməsinin qeyri-sağlam səviyyələri ilə yaşayır. Avropanın əksər regionlarında əhalinin əksəriyyəti hələ də çirklənmə səviyyəsinin Ümumdünya Səhiyyə Təşkilatının göstərişlərindən artıq olduğu ərazilərdə yaşayır. Yəni, çirklənmə hələ də ÜST standartlarını üstələyir. 
Axı iqlim dəyişikliyi həmçinin ozon səviyyələrinə töhfə verən meşə yanğınları ehtimalını artırır. Zərif cinslərin güclü olduğu həqiqətini özünə missiya edən hörmətli həmcinsimiz COP29-a qatılmayacağını bəyan etməklə əslində onu nümayiş etdirir ki, nə beynəlxalq ictimai rəy, nə qlobal problemlər, nə iqlim dəyişikliyi kimi insanlığı fəlakətə düçar edəcək həssas bir məsələ onun kövrək ürəyinin simlərinə toxunur, rəhbərlik etdiyi təsisatı isə maraqlandırmır. 

Bu, faktiki məsuliyyətdən boyun qaçırmaqdır. Avropa Komissiyasının zərif rəhbəri kobud məsuliyyətsizlik edir. 

Şəbnəm HƏSƏNOVA
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq