05 noyabr 2024 12:34
248

Bütöv, suveren Azərbaycan

Azərbaycan Ordusu 2020-ci ildə Vətən müharibəsi ilə öz torpaqlarını azad edərək möhtəşəm Zəfərə imza atdığı 44 gün ərzində informasiya cəbhəsindəki qələbələrimiz də təmin edilirdi. Hərb meydanında əməliyyatlara rəhbərlik edən Prezident İlham Əliyev informasiya müharibəmizə də strateqlik edirdi. Belə ki, müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verən ölkə başçısı cənab İlham Əliyev münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr, eyni zamanda, milli mətbuatımızın fəaliyyətinə istiqamət verirdi. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur.

Hərbi sahədə olduğu kimi diplomatiya və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici Kütləvi İnformasiya Vasitələrinə müsahibələr vermiş Prezident İlham Əliyev müsahibələri real mübarizə və silah üsuluna çevirir, diplomatik qələbələrimizi təmin edirdi. Məhz bu müsahibələr nəticəsində beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmışdır. Dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları və mətbu orqanlarına verdiyi müsahibələri ilə Müzəffər Ali Baş Komandan münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olmuşdur. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı verdiyi və gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı fikirlərin yer aldığı müsahibələr XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər.

Müharibə dövründə Prezident İlham Əliyev tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə seçilir, xalqın hisslərini əks etdirən hər bir söz, hər bir fikir insanların hafizəsinə əbədi həkk olunaraq dillər əzbərinə çevrilirdi. Ölkə başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla durmağa ruhlandırırdı. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməz övladını görürdülər. Prezident İlham Əliyevin müharibə ilə bağlı nitqlərini və çıxışlarını bütün ölkə əhalisi bu gün də təqdir edir.

Vətən müharibəsi dövründə xalqımızın qələbəyə inamını artıran digər bir amil isə qardaş Türkiyənin siyasi-mənəvi dəstəyi oldu. Belə ki, hərbi əməliyyatlar başlayan ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın tək olmadığını və Türkiyənin onun yanında olduğunu bəyan etməsi ölkəmizə əlavə güc verdi. Müharibənin sonuna qədər qardaş Türkiyə Azərbyacana siyasi-mənəvi dayaq oldu. Vətən müharibəsi Azərbaycan-Türkiyə münasibətlərində də yeni bir mərhələnin başlanmasına səbəb oldu. Ölkələrimiz arasında mövcud olan dostluq-qardaşlıq əlaqələri daha da möhkəmləndi. Bakıda keçirilən Zəfər paradında Türkiyə Prezidentinin iştirakı beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj oldu. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Bu kontekstdə Vətən müharibəsində əldə etdiyimiz Zəfəri qardaşlığın zəfəri də adlandırmaq olar.

Bu gün ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin edilib. 2023-cü ilin sentyabr ayının 19-da keçirilən bir günlük antiterror tədbirləri ilə Qarabağda separatizmin kökü kəsildi və artıq üçrəngli bayrağmız Xankəndidə dalğalanır.

Möhtəşəm Zəfəri ilə regionda və dünyada yeni reallıqlar yaradan ölkəmiz yeni bir mərhələyə qədəm qoyub. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri həyata keçirilir. Dövlətimiz Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdış strategiyasını həyata keçirmək üçün davamlı tədbirlər görür. Böyük Qayıdış strategiyasının həyata keçirilməsi qalib Azərbaycan dövlətinin yeni inkişaf dövrünün əsas istiqamətlərindəndir.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri