05 noyabr 2024 11:39
105

44 günlük Vətən Müharibəsində bütün dünya Aəzrabycan Ordusunun gücünü gördü

“İşğal altında olan torpaqlarımızın azad olunması və milli suverenliyimizi təmin edilməsi bütün dövrlərdə ölkəmizin dövlət siyasətinin ən ali prioritetlərindən olmuşdur.  Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən məqsədyönlü və prinsipial siyasət nəticəsində güclü və yenilməz bir ordu formalaşdırılmışdır. Azərbaycan Ordusunun gücləndirilməsi ölkə rəhbərliyinin əsas strateji hədəflərindən biri olmuşdur. Ordunun hərbi potensialını artırmaq məqsədilə dövlət büdcəsində hərbi xərclərə xüsusi üstünlük verilmiş, ordu müasir silah-sursat və texnika ilə təchiz edilmişdir. Bu təchizatın müxtəlif mənbələrdən təmin olunması Azərbaycanın heç bir ölkədən asılı olmadan öz hərbi müdafiə strategiyasını gücləndirməsi üçün müstəsna önəm daşımışdır”.
“İki sahil” xəbər verir ki, bu fikirləri millət vəkili Müşfiq Məmmədli səsləndirib.

Müşfiq Məmmədli qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu ordu quruculuğu sigasəti nəticəsində Azərbaycan 44 günlük vətən müharibəsində tarixi qələbəyə imza atdı: “Əsgər və zabitlərimiz şəhadətə hazır olduqlarını döyüş meydanında “Öldü var, döndü yoxdur!” şüarı ilə sübut etdi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanan üçtərəfli Bəyanat ilə Ermənistan kapitulyasiya etdi və ərazilərimizi təhvil verməyə məcbur oldu. Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində düşmən ordusu tamamilə məğlub oldu. Bu qələbə sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi”.

Millət vəkili bildirib ki, 44 günlük müharibədə Azərbaycan xalqı və ordusu bütün dünyaya bir daha öz iradəsini, gücünü və qətiyyətini nümayiş etdirdi. Tarixə “müzəffər ordu” olaraq düşən Azərbaycan Silahlı Qüvvələri dünya hərbi arenasında ön sıralarda yer alaraq milli ordumuzun güclü, qürurlu və müzəffər bir ordu olduğunu sübut etdi.

“Ermənistan silahlı qüvvələrini məğlub edərək Azərbaycanın ərazi bütövlüyünü təmin edən qəhrəman ordumuz xalqımıza böyük bir Qələbə bəxş etdi. Müzəffər Azərbaycan Ordusunun və qəhrəman əsgərlərimizin mübarizəsi sayəsində tarixi torpaqlarımızın azad edilməsi həm dövlətimizin gücünü, həm də xalqımızın yenilməz ruhunu bir daha sübut etdi. Zəfər Günü hər bir azərbaycanlının qəlbində əbədi olaraq yaşayacaq və gələcək nəsillərə bir örnək olaraq təqdim olunacaq”, – deyə Müşfiq Məmmədli əlavə edib.